Üç klub, bir məqsəd: Çempion kim olacaq?

Üç klub, bir məqsəd: Çempion kim olacaq? İdman

Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə getdikcə gərginləşir. Hazırda turnir cədvəlinin ilk üç pilləsində “Neftçi”, “Sabah” və “Qarabağ” qərarlaşıb. Komandalar arasında cəmi 1 xal fərqinin olması çempionluq yarışında rəqabəti daha da artırır.

Maraqlıdır, “Qarabağ” hazırkı vəziyyətdən çıxaraq çempionluq mübarizəsini davam etdirə biləcəkmi? Üç komandadan hansı daha üstün mövqedədir?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Azərbaycan millisinin sabiq futbolçusu Arif Əsədov bildirib ki, çempionatın ilk günündən etibarən bütün fikirlər və mülahizələr “Sabah”, “Qarabağ” və “Neftçi” arasında əsas çempionluq mübarizəsinin gedəcəyi ilə bağlı idi:

“Amma hansı komandanın sona qədər davam gətirəcəyini demək, təbii ki, çox çətindir. Hazırda komandalar müxtəlif məqsədlər uğrunda mübarizə aparırlar. “Sabah” həm Çempionlar Liqasına, həm də çempionata köklənib. “Neftçi” ilə “Qarabağ” isə daha çox yerli çempionata fokuslanıb.

Bu baxımdan “Sabah”ın xal itirməsi də normaldır. “Qarabağ”da isə hazırda formalaşma prosesi gedir. Komandaya yeni oyunçular cəlb olunub. Bu səbəbdən “Qarabağ”ın da xal itirdiyini görə bilərik”.

Sabiq futbolçu “Neftçi” futbol klubunun inkişafından da söz açıb: ““Neftçi” yaxşı tərəfdən özünü stabil komanda kimi göstərdiyi üçün hazırda sabit çıxış edir. Amma bu sabitliyi sona qədər qoruyub saxlaya biləcəyini zaman göstərəcək.

Təbii ki, hər bir komandanın çempion olmaq potensialı var. Düşünürəm ki, bu komandalar arasında çempionluq mübarizəsi sona qədər davam edəcək”.