Zədələr və itirilən 17 xal fərqi – “Neftçi”nin basketbolçusu danışdı

Zədələr və itirilən 17 xal fərqi – “Neftçi”nin basketbolçusu danışdı İdman

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi gərgin mübarizə ilə davam edir. Ötən gün keçirilən “Neftçi” – NTD qarşılaşması dramatik süjeti ilə yadda qalıb. 17 xal fərqi ilə irəlidə olmasına baxmayaraq, məğlub olan “ağ-qaralar”ın aparıcı oyunçusu Əkbər Məmmədov News24.az-a açıqlamasında uğursuzluğun səbəblərindən və komandadakı zədə problemlərindən danışıb.

Basketbolçu bildirib ki, komanda NTD-yə qarşı müntəzəm mövsümdə keçirdiyi bütün oyunlarda qalib gəlib:

“NTD əlbəttə ki, yaxşı komandadır. Onların nailiyyətləri var və öz oyun stilləri mövcuddur. Dünənki oyuna gəldikdə isə biz müəyyən anda 17 xal önə keçmişdik. Üçüncü periodda bu 17 xallıq üstünlük bizim xeyrimizə idi, lakin bunu qoruya bilmədik. Buna səbəb kimi zədələri qeyd edərdim. Bu mövsüm ərzində komandamızda çoxlu problemlər oldu. Oyunçular tez-tez zədələndilər, sonra qayıtdılar. Bu artıq hər kəsə məlumdur. Yaxın zamanda NTD ilə müntəzəm mövsümdə keçirdiyimiz son oyunda əsas oyunçularımızdan biri Stefan Keniç dizindən zədə aldı və öz ölkəsinə qayıtdı. Dünənki oyunda isə Devonte Qrin oyundan əvvəl dizində problem yaşadı və oyun zamanı zədələndi”.

Oyunçu öz zədəsi barədə də danışıb:

“Mən özüm də oyunun gedişində ikinci periodun sonlarına yaxın zədələndim və oyunu davam etdirə bilmədim. Təbii ki, bu məğlubiyyəti tam olaraq zədələrin üzərinə atmaq istəmirəm, amma bunlar da əsas səbəblərdən biridir. Bu cür hallar komandanın ruh yüksəkliyinə də təsir edir. Yenə də deməzdim ki, yalnız zədələrə görə uduzduq. Oyun ümumilikdə istədiyimiz kimi gedirdi, sadəcə üstünlüyümüzü çox tez əldən verdik.

İnşallah, ayın 16-da cavab oyunumuz var. Bir oyunu uduzmaq mümkündür, bu o demək deyil ki, hər şey bitib. Güclü tərəf biz idik, amma nəticədə rəqib qalib gəldi. Bu idmanda normal haldır. İndi isə diqqətimiz yalnız qarşıdakı oyundadır. Komandada nə zədələr, nə də məğlubiyyət haqqında düşünən var. Hər şey geridə qalıb. Biz başımızı qaldırıb irəli baxırıq və belə də etməliyik. Hazırda məşqlərimiz davam edir və 16-dakı oyuna tam hazır çıxmağa çalışırıq. Ümid edirik ki, bəzi zədələr də sağalacaq və meydanda istədiyimiz oyunu göstərə biləcəyik”.

Qeyd edək ki, dünən Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində keçirilən “Neftçi” – NTD oyunu 97:94 hesabı ilə NTD-nin xeyrinə başa çatıb.