“Zirə”nin səhvi, “Sabah”ın üstünlüyü – Detallar AÇIQLANDI

“Zirə”nin səhvi, “Sabah”ın üstünlüyü – Detallar AÇIQLANDI İdman

“Azərbaycan Kubokun final matçı böyük maraqla gözlənilirdi. Çünki qarşılaşmanın nəticəsi ölkəmizi bu yay Avropa kuboklarında təmsil edəcək komandaların müəyyənləşməsi baxımından da həlledici idi”.

Bu fikirləri News24.az-a Azərbaycan Kubokunun finalında keçirilən “Sabah” – “Zirə” oyununu şərh edən futbol eksperti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, “Zirə” qalib gəlsəydi, komanda birbaşa Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanacaqdı:

“Bu halda həm “Neftçi”nin, həm də “Turan Tovuz”un Konfrans Liqasının təsnifat mərhələsinə yollanmaq ehtimalı artacaqdı. Əks halda isə “Zirə” ümumiyyətlə avrokuboklardan kənarda qala bilərdi. Bu baxımdan final qarşılaşması “Zirə” üçün xüsusi əhəmiyyət daşıyırdı”.

Ekspert matçın gedişatını da dəyərləndirib. O bildirib ki, “Zirə” oyuna yaxşı başladı və erkən qolla hesabda önə keçdi:

“Lakin bundan sonra komandanın müdafiəyə çəkilməsi müəyyən müddət ərzində nəticə versə də, fasilədən sonra bu taktika özünü doğrultmadı. İlk hissədə “Zirə” rəqibə ciddi qol imkanı yaratmağa imkan vermədi və üstünlüyünü qorumağı bacardı.

Ancaq ikinci hissədə “Sabah” oyuna tam nəzarəti ələ aldı. Məlumdur ki, “Sabah” son illərdə ölkə çempionatında uğurlu çıxışı ilə seçilir və müdafiəyə çəkilən komandalara qarşı oynamaqda çətinlik yaşamır. Komanda qapalı müdafiələri yarmaq bacarığını dəfələrlə nümayiş etdirib.

Bu görüşdə də eyni mənzərə müşahidə olundu. “Sabah”ın ehtiyat heyəti kifayət qədər güclüdür və komandada keyfiyyətli futbolçular çıxış edir. Bundan əlavə, baş məşqçi Valdas Dambrauskasın oyun ərzində etdiyi taktiki dəyişikliklər də həlledici rol oynadı. Onun matçın gedişinə uyğun verdiyi qərarlar komandanın oyunun taleyini dəyişməsinə kömək etdi və “Sabah” ikinci hissədə vurduğu qollarla qələbə qazandı.

Düşünürəm ki, bu, tamamilə layiqli qələbə idi. Çünki “Zirə” ilk 15 dəqiqədən sonra demək olar ki, oyunda yaddaqalan heç nə edə bilmədi. Komanda əsasən müdafiədə oynadı və əks-hücumlara bel bağladı. Bu taktika isə hər zaman uğur gətirmir.

Beləliklə, “Sabah” həm ölkə çempionu oldu, həm də kuboku qazanaraq “qızıl dubl”a imza atdı. Hesab edirəm ki, komandanın bu mövsüm göstərdiyi performans yüksək qiymətləndirilməlidir. Həm çempionluq, həm də kubokun qazanılması təsadüfi nəticə deyil. Həqiqətən də çox güclü kollektiv formalaşdırılıb və bu komanda Avropa kuboklarında, o cümlədən Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edə bilər”.

Kənan Məstəliyev Ağdam təmsilçisi “Qarabağ”ın hazırkı vəziyyətinə də toxunub:

“Qarabağ” gözlənilmədən çempionluğu əldən verdi. Halbuki komanda klub tarixinin ən böyük uğurlarından birinə imza ataraq Çempionlar Liqasının pley-off mərhələsinə qədər yüksəlmişdi. Lakin transfer siyasətindəki problemlər, ehtiyat heyətin kifayət qədər güclü olmaması və mövsümün düzgün idarə edilməməsi komandaya baha başa gəldi.

Komanda bütün diqqətini Çempionlar Liqasına yönəltdi və orada uğur qazandı. Amma paralel olaraq ölkə çempionatında vacib xallar itirildi. Mövsümün sonuna yaxın isə bu xal itkiləri çempionluğun əldən çıxmasına səbəb oldu”.

Ekspertin sözlərinə görə, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan digər komandalardan biri də “Turan Tovuz” olub:

“Komanda sabit çıxışı və topladığı vacib xallar sayəsində Konfrans Liqasında iştirak hüququ əldə etməyə çox yaxınlaşdı. Bu isə klub üçün kifayət qədər ciddi uğur hesab olunur.

Dördüncü pillənin sahibi hələ tam müəyyənləşməsə də, böyük ehtimalla bu yer “Neftçi”yə qismət olacaq. “Neftçi” mövsümə uğursuz başlasa da, sonradan baş məşqçi dəyişikliyindən sonra toparlandı və ardıcıl qələbələr qazanaraq hazırda turnir cədvəlində dördüncü pilləyə qədər yüksəlməyi bacardı”.