Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı genişləndirilir
    • 21-02-2019, 16:51
    • 1 286

Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı genişləndirilir

İqtisadiyyat naziri Şahin Mustafayev Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 5-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən News24.az-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 10% artaraq 6,2 mlrd. dollar təşkil edib. Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda İtaliyanın iştirakı ilə tvinninq layihələri icra olunur. Nazir ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, energetika, infrastruktur, nəqliyyat, İKT, turizm, kənd təsərrüfatı, şərabçılıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. O, italyan iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində maşınqayırma, məişət texnikası, yüngül sənaye, əczaçılıq sahələrində birgə müəssisələrin təşkilinə dəvət edib. İtaliya Respublikasının İqtisadi İnkişaf nazirinin müavini Andrea Cioffi yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında mühüm rolunu, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əlaqələrin genişləndirilməsinə dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Andrea Cioffi İtaliya şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində layihələrdə iştirak etməkdə marağını diqqətə çatdıraraq, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Nigar MƏMMƏDLİ