Bu il Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - SİYAHI
    • 19-03-2019, 18:32
    • 1 167

Bu il Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - SİYAHI

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 

News24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,8 faizi Gürcüstan, 27,6 faizi Rusiya Federasiyası, 12,0 faizi Türkiyə, 5,8 faizi İran, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Pakistan, 1,4 faizi İraq, 14,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 72,0 faizini kişilər, 28,0 faizini isə qadınlar təşkil etmişdir.
Ölkəmizə yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə), Macarıstan (47,7 faiz), Çin (32,7 faiz), Yaponiya (32,3 faiz), Oman (24,4 faiz), Cənubi Koreya (23,8 faiz), Gürcüstan  (23,7 faiz) və Polşa (21,3 faiz) vətəndaşları arasında qeydə alınmışdır.
2019-cu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 faiz artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9 faiz azalaraq 121,9 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 731,6 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 36,5 faizi İrana, 26,2 faizi Gürcüstana, 18,4 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 7,0 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,7 faizi kişilər, 32,3 faizi isə qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,3 faiz, Gürcüstana gedənlərin sayı 7,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,9 faiz  artmışdır.
Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,0 faizi dəmir yolu və avtomobil, 16,1 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.