“Elektron satınalmaların təşkili” mövzusunda treninq keçirilib
    • 3-04-2019, 17:53
    • 1 263

“Elektron satınalmaların təşkili” mövzusunda treninq keçirilib

Aprelin 3-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən treninqdə dövlət müəssisə və təşkilatlarının, hüquq-konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rəisinin müavini Araz Əliyev bildirib ki, Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanunu ilə “Dövlət satınalmaları haqqında” Qanunda bir sıra dəyişikliklər edilib, dövlət satınalmalarının vahid internet portalı (“Etender.gov.az”) yaradılıb.

Qeyd edilib ki, açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin daha da artmasına, sahibkarların işinin asanlaşdırılmasına, dövlət vəsaitlərindən səmərəli və qənaətli istifadəyə şərait yaradır.

Dövlət Xidmətinin şöbə müdiri Bahadır Qasımov treninq iştirakçılarına dövlət satınalmalarını tənzimləyən qanunvericilik, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Anar İsgəndərov dövlət satınalmalarının vahid internet portalından istifadə qaydaları barədə ətraflı məlumat veriblər.

Sonda tədbir iştirakçılarına maarifləndirici materiallar paylanıb.