“Türk Hava Yolları” Ankara-Bakı-Ankara istiqamətində birbaşa reyslər təşkil edir
    • 8-04-2019, 12:03
    • 1 296

“Türk Hava Yolları” Ankara-Bakı-Ankara istiqamətində birbaşa reyslər təşkil edir

“Türk Hava Yolları” 22 aprel tarixindən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayır.

News24.az xəbər verir ki, Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. 

Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq.

Bununla da, dünyanın ən çox ölkəsinə uçan “Türk Hava Yolları” aviaşirkəti  Türkiyənin 3 fərqli şəhərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək. Uçuşlar İstanbuldan 2, Ankara və Antaliyadan isə 1 hava limanından olmaqla ümumilikdə 4 hava limanından reallaşdırılacaq. 
  
Məlumat üçün bildirək ki, Azərbaycandan əks istiqamətdə Bakı, Gəncə və Naxçıvan şəhərlərindən də İstanbula birbaşa uçuşlar təşkil olunur.