Seulda Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirilib - FOTO
    • 10-04-2019, 16:44
    • 958

Seulda Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirilib - FOTO

“Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən ofisində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri  Cavid Qurbanovla   “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyasının prezidenti  Son Byonq Sokun arasında goruş kecirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, geniş nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Son Byonq Sok çıxış edərək Koreya Milli Dəmir Yolları Korporasiyasının Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olmasına göstərdiyi dəstəyə və DYƏT Baş Direktorlar Konfransının XXXIV iclasında iştiraka görə Cavid Qurbanova təşəkkürünü bildirib.

İkitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat verib. 

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutundan (Orta Dəhliz)  danışan Cavid Qurbanov bildirib ki, bu dəhliz yüklərin Çindən  Avropaya və əks istiqamətdə daşınmasını təmin edir. Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir.  Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin tərkib hissəsi olmaqla, Çinlə Avropa arasında ən qısa marşrutdur. “Korail” Koreya Milli Dəmir Yolları Korporasiyası Lyanyunqan və Pusan limanlarının geniş terminal imkanlarından istifadə edərək, Avropaya yüklərin müntəzəm daşınması üçün Orta Dəhliz layihəsinə qoşulmaq imkanlarını nəzərdən keçirə bilər.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. 
Səfər zamanı həmçinin Azərbaycan nümayəndə heyəti Pusan limanının işi ilə tanış olub.