2026-da iqtisadi artım qeyri-neft sektorundan gələcək: Əhalini nə gözləyir?

2026-da iqtisadi artım qeyri-neft sektorundan gələcək: Əhalini nə gözləyir? İqtisadiyyat

2026-cı il üçün iqtisadi proqnozlar qlobal və regional çağırışlar fonunda diqqət mərkəzindədir. Beynəlxalq maliyyə institutlarının və analitik mərkəzlərin ilkin qiymətləndirmələrinə görə, gələn il dünya iqtisadiyyatında artım tempinin məhdud, lakin sabit qalacağı gözlənilir. Xüsusilə enerji bazarlarında, o cümlədən neft qiymətlərində mümkün dəyişikliklər neft ixrac edən ölkələrin iqtisadi göstəricilərinə birbaşa təsir göstərəcək əsas amillərdən hesab olunur. Bu baxımdan, 2026-cı ildə neft qiymətlərinin dinamikası və onun iqtisadi artıma təsiri ilə bağlı gözləntilər həm dövlət qurumları, həm də biznes mühiti üçün mühüm əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, 2026-cı ildə Azərbaycan iqtisadiyyatında müsbət artım dinamikasının davam edəcəyi gözlənilir:

"Mövcud proqnozlar 2026-cı ildə ölkə iqtisadiyyatının təxminən 3 faiz böyüyəcəyini göstərir. Xüsusilə qeyri-neft sektorunun aparıcı rol oynayacağı vurğulanır. Belə ki, gələn il qeyri-neft sektorunda 6 faizə yaxın artımın qeydə alınacağı proqnozlaşdırılır. Bu isə iqtisadi artımın əsasən qeyri-neft sahələrinin hesabına təmin olunacağını deməyə əsas verir. 2026-cı ildə dünya bazarlarında neftin qiymətinin əvvəlki illərlə müqayisədə daha aşağı olacağı gözlənilir".

Deputat bildirib ki, beynəlxalq təşkilatların proqnozlarına əsasən, gələn il neftin bir barelinin qiyməti təxminən 60 dollar ətrafında dəyişəcək:

"Neft qiymətlərinin yüksək səviyyədə proqnozlaşdırılmaması neft ixrac edən ölkələrin gəlirləri baxımından arzuolunan olmasa da, Azərbaycan iqtisadiyyatı bu riskləri qeyri-neft sektorunun inkişafı hesabına minimuma endirməyə çalışır. Bu yanaşma 2026-cı il dövlət büdcəsində də aydın şəkildə öz əksini tapır. Belə ki, büdcə gəlirlərinin 57 faizi məhz qeyri-neft sektorunun payına düşəcək. Bu göstərici iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların real nəticə verdiyini göstərir".

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov

Deputat əlavə edib ki, 2026-cı ildə sosial sahəyə ayrılan vəsaitlərin həcmi də əhəmiyyətli dərəcədə artacaq. Gələn il sosial sferaya ümumilikdə 17,1 milyard manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da əvvəlki illərlə müqayisədə daha yüksək xərcləmələr deməkdir. Büdcə xərclərinin təxminən 41 faizi məhz sosial yönümlü xərclərə istiqamətləndiriləcək.

"Sosial təminat tədbirləri çərçivəsində növbəti ilin yanvar ayından etibarən əmək pensiyalarında 9,2 faiz artım gözlənilir. Bu artım 2025-ci ildə orta aylıq əməkhaqqının 9,2 faiz artacağına dair proqnozlara uyğun olaraq həyata keçiriləcək və bütün növ əmək pensiyalarını əhatə edəcək. Planlaşdırılan artımlar təxminən 1 milyon 100 min vətəndaşın pensiya təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Bundan əlavə, ehtiyac meyarının növbəti ildən 300 manata çatdırılması sosial yardım alan vətəndaşların aldıqları müavinətlərin də artmasına səbəb olacaq. Deputat vurğulayıb ki, bütün bu addımlar 2026-cı ildə həm iqtisadi artımın, həm də əhalinin sosial rifahının paralel şəkildə yüksəldilməsinə yönəlib".