Azərbaycanla Gürcüstan arasında  turizm sahəsində razılıq əldə olundu
    • 4-10-2019, 15:22
    • 1 171

Azərbaycanla Gürcüstan arasında turizm sahəsində razılıq əldə olundu

Bu haqda oktyabrın 4-də Tbilisi şəhərində baş tutan görüşdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bəyan ediblər.

Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, hazırda Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir.
Tbilisidə keçirilən görüş çərçivəsində iki ölkə arasında turizm sahəsində əməkdaşlıq, birgə turların təşkili, həmçinin sərgilərdə birgə stendlərin nümayişi kimi mövzular müzakirə edilib və bu barədə ilkin razılıq əldə olunub.

Azərbaycan və Gürcüstanı yaxın dostluq və qonşuluq əlaqələrinin birləşdirdiyi diqqətə çatdırılan görüşdə iki ölkənin bu sahədə rəqabət mühitində deyil, əməkdaşlıq mühitində fəaliyyət göstərəcəyi, birgə fəaliyyətin regionda turizmin inkişafına öz töhfəsini verəcəyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak edib.

Məlumat üçün bildirək ki, bu gün Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin açılış mərasimi baş tutacaq.