SON DƏQİQƏ: Ölkədə dolların MÖVCUD VƏZİYYƏTİ - Banklarda İZDİHAM
    • 10-03-2020, 14:23
    • 2 030

SON DƏQİQƏ: Ölkədə dolların MÖVCUD VƏZİYYƏTİ - Banklarda İZDİHAM

İki gündür ki, bankların qarşısında izdiham yaşanır. Buna səbəb ötən gün neftin barelinin 31 faiz ucuzlaşması olub. İnsanlar növbəti devalvasiyanın olacağından ehtiyatlanaraq dollar almaq üçün banklara axışıblar. Görəsən, dolların məzənnəsində artım olacaqmı?   

News24.az bununla bağlı suallara tanınmış iqtisadçılardan cavab alıb: 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, dünyanın aparıcı ölkələrində istehsalın aşağı düşməsi nəticəsində neftə olan tələbatın da səviyyəsi enib:

“Belə olduğu təqdirdə, dünya bazarına çıxarılan neft təklifinin artıqlığı ucuzlaşmaya gətirib çıxarıb. Amma burda da, bir sıra ölkələr təklif edirlər ki, buna nisbətən neftin qiyməti dünya bazarında düşməsin deyə, azaltmaq lazımdı. Son dövrlər Səudiyyə Ərəbistanıyla Rusiya arasında neft üzrə münasibətlərin ortaq məxrəcə gəlinməməsi Səudiyyə Ərəbistanın əlavə neft çıxarmasına səbəb olub. Bu da neftin qiymətinin daha da ucuzlaşmasına gətirib çıxarıb. Yəni bu,  süni şəkildə hər hansı dövlətin qərarı nəticəsində baş verir. Buna görə də insanların ajiotaj yaratmasına ehtiyac yoxdur. 

Mərkəzi Bank tərəfində də qərar verilib ki, məbləğ 500 manatdan çox olduğu zaman, dollar şəxs haqqında anket məlumat əsasında verilsin. Ümumiyyətlə , 15 min manatadək vəsaitin dəyişdirilməsində problem yoxdur. Sadəcə, bu gün psixoloji ajiotaj var, bu süni yaradılan bir şeydir. Makro səviyyədə maliyyə stabilliyi baxımdan çətin vəziyyət deyil, bu gün 50 milyarddan çox valyuta ehtiyatı var. Dövlət lazım olduğu təqdirdə, ehtiyalarını sərf etməyi hədəfləyir, yəni  yarana biləcək riskli hallara hazırlıqlı vəziyyətdədir. Sadəcə, belə vəziyyətdə əhali təmkinli olmalıdır. Şayiələrə, müxtəlif fikirlərə uymamalıdır”. 

R.Atakişiyev onu da əlavə edib ki, bu günki məzənnələr Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib göndərilir: “Qoyulmuş limitlər aşağı, yuxarı artırıla bilir, əksik çıxarılmasına icazə verilmir. Mərkəzi Bank tərəfindən göstəriş gəlir ki, hansı məbləğdən yuxarı vəsait satıla bilər, hansınasa icazə yoxdur. Banklar da buna sərt şəkildə əməl edirlər. Buna əməl etməyin özü, yarana biləcək manata təzyiqlərin qarşısını almaqdır”.   

İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, koronavirusun yaratdığı gərginlik dünya iqtisadiyyatının silkələnməsinə, maliyyə bazarlarının çöküşünə səbəb olsa da, yaranmış vəziyyətin etiraf edilməyən köklərinin mövcudluğu heç kimdə şübhə doğurmur: 

“Son illər dünya iqtisadiyyatına təsir edən amillər daha çox siyasi xarakter almağa başlayıb. Artıq bunun bir həqiqət olduğu heç kimdə şübhə doğurmur. Nəhəng güclər arasında aparılan ticarət müharibələri, neftin qiymətləri ətrafında gedən oyunlar bu sıradan olan hadisələrə aiddir. Ortaya çıxmış bir virusun ətrafında nə baş verir? Bu qədər gərginliyi yaratmaqla dünya iqtisadiyyatının inkişafına, beynəlxalq maliyyə bazarlarının əsaslı şəkildə silkələnməsinə və nəticə etibarilə trliyonlarla dollar itkilərə aparan bu gedişlər kimə lazımdır? Koronavirus artıq bir neçə aydır ki, bütün dünyanın gündəmini zəbt edib və hələlik onu ram edə biləcək peyvənd tapılmır. Onun qrip sinfindən olan bir virus olduğu və adi qripdən fərqli olaraq insanın ağ ciyərlərini daha tez sıradan çıxarda bildiyi bəllidir. Lakin bu virusa tutulan insanların sağalması tam mümkündür. Artıq koronavirusa tutulmuş minlərlə insan sağala bilib. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünyada 650 min insan adi qripdən dünyasını dəyişir. Son bir neçə ayda koronavirusa yoluxanların və ondan ölənlərin sayı isə bu göstərici ilə müqaisəedilməyəcək dərəcədə kiçikdir. Belə olan halda yeni virusun ətrafında bu qədər ajiotajın yaradılması nə qədər doğrudur? Suallar çox olsa da fakt faktlığında qalır. Koronavirus hələlik öz işini görür. Hesab edirəm ki, dünya birliyi səyləri bir araya gətirib tezliklə bu virusun ram edilməsi yollarını arayıb tapacaq”. 
F.Yusifovun sözlərinə görə, bu vəziyyəti bütün hallarda müvəqqəti bir hal kimi dəyərləndirmək ən düzgün seçim olardı: 

“Dünya bazarlarında neftin qiymətlərinin kəskin azalması və bunun hansı fəsadlar yarada biləcəyi ilə bağlı müxtəlif nəlumatlar paylaşılır. Bəli, Azərbaycan dünyanın iqtisadi müstəvisinin bir parçası kimi bu prosseslərdən kənarda deyil. Lakin baş verənləri “iqtisadiyyat çökəcək, manat 2015-ci ildəki kimi kəskin devalvasiyaya məruz qalacaq” kimi təqdim etmək nə qədər doğrudur və bu kimlərə lazımdı? Azərbaycan manatı artıq bir neçə ildir ki, öz sabitliyini qoruyub saxlayır və manatın məzənnəsinin hələ uzun müddət sabit qala bilməsi üçün hökumətin kifayət qədər böyük imkanları var. Bu gün bütün banklarda xarici valyutanın satışı tam sərbəst şəkildə, heç bir məhdudiyyət qoyulmadan, bir dollar üçün 1 manat 70 qəpik kursu ilə həyata keçirilir. Odur ki, ajiotaj yaratmaq lazım deyil. Ölkənin iqtisadi və maliyyə dayanaqlılığı milli valyutanın məzənnəsinin sabitliyi üçün kifayət qədər yetərlidir”.

Afaq Mirayiq