FES artım qərarı verdi: Dollar bahalaşacaq?
    • 27-09-2018, 17:15
    • 802

FES artım qərarı verdi: Dollar bahalaşacaq?

Federal Ehtiyatlar Sisteminin (FES) faiz artımı ilə bağlı verdiyi qərarın növbəti dövrlərdə dolların mövqeyinə dərin təsirləri olmayacaq.
Bunu  FES-in artım qərarını şərh edən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, FES ötən ilin sonunda 2018-ci il üçün dörd dəfə faizi artımı nəzərdə tutub:

"Hər dəfə 0.25 faiz bənd artımına gedilməsi ehtimal olunur. Hazırda inflyasiya, işsizlik, iqtisadi artım göstəriciləri FES-in bu istiqamətdəki siyasətini reallaşdırmaq imkanlarını artırır. Məhz bu səbəbdən də FES dünənki toplantısında uçot dərəcəsini 0.25 faiz bənd artırdı. Əslində, bazarlar bu qərarı gözləyirdi və ona görə də qiymətləndirməni əvvəlcədən aparmışdılar. Bu səbəbdən də bazarlarda hər hansı ciddi reaksiya, volatilik müşahidə olunmadı. Buna baxmayaraq, avro ötən günlə müqayisədə bu gün təxminən 1 faiz dəyər itirdi. ABŞ dolları qarşısında öz dəyərini itirmə prosesi kiçik həcmdə olsa da, funt sterlinq, Kanada dolları, yapon yenində də müşahidə olunur. Bu da bazarların ilkin reaksiyasıdır. Məhz bu ilkin reaksiya onu deməyə əsası verir ki, FES-in faiz artımı ilə bağlı verdiyi qərarın növbəti dövrlərdə dolların mövqeyinə dərin təsirləri olmayacaq”.

Ekspert hesab edir ki, bu günlərdə müəyyən qədər ucuzlaşan valyutalar növbəti həftənin əvvəlki günlərində öz dəyərlərini bərpa edəcəklər:

"Ümumiyyətlə, faiz dərəcəsinin artırılması ilə bağlı qərarın izahından və FES-in rəhbəri Cerom Pauelin çıxışından da məlum oldu ki, qərar faktiki olaraq dünya və ABŞ iqtisadiyyatı üçün konyuktur göz önündə tutularaq qəbul edilib. ABŞ hökuməti və Trampın bu qərarlarda birbaşa mövqeyi əks olunmur. Buna görə də hazırda faiz artımlarının dünya iqtisadiyyatına ciddi neqativ təsirləri gözlənilmir”.

İqtisadçı FES-in qərarlarının manatın məzənnəsinə təsir imkanlarının daha məhdud olduğunu bildirib:

"Çünki məzənnənin formalaşmasında əsas faktor neft və neftin qiymətidir. Neftin qiyməti isə son üç gündə yenə bahalaşma dinamikası nümayiş etdirib. OPEK-in görüşündən sonra hazırda Azərbaycan üçün kifayət qədər məqbul şərait mövcuddur. Düzdür, dünya bazarında dolların mövqeyinin müəyyən qədər möhkəmləndirilməsi istənilən halda Azərbaycana da təsir edə bilir. Bu istiqamətdə müəyyən qədər təzyiqlər formalaşır. Ancaq neftin qiymətlərinin yüksək olması və tədiyyə balansının profisitinin proqnozlaşdırılandan yüksək olması, strateji valyuta ehtiyatlarının həcmi kimi daxili faktorlar dünya bazarlarından gələn təzyiqləri ən azından ortamüddətli dövrdə neytrallaşdırmaq üçün şərait yaradır. Bu ilin sonuna qədər manatın məzənnəsində hər hansı ciddi dəyişiklik gözlənilmir. İlin sonunda tələb müəyyən qədər yüksələcək. Bu isə qərarların hansı istiqamətdə qəbul edilməsindən asılı olacaq. Ancaq son həftə ərzində rubl, lirə öz itkilərinin müəyyən hissəsini kompensasiya edərək dəyər qazanıb. Bu isə daha rahat sabit məzənnə siyasətinin həyata keçirilməsinə imkanlar yarada bilər”.

Qeyd edək ki, ötən ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsinin 1,75-2%-dən 2-2,25%-ə çatdırılması barədə qərar verib.

//axar.az