"50 kvadratmetrlik mənzil almaq üçün 20–23 il işləmək lazımdır" - İqtisadçı
İqtisadiyyat
Azərbaycanda orta aylıq əməkhaqqı artsa da, mənzil sahibi olmaq bir çox vətəndaş üçün çətin olaraq qalır.
News24.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1173 manata çatıb. Sentyabrın 1-nə olan məlumata əsasən, ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776,8 min nəfər təşkil edib.
Bəs orta aylıq əməkhaqqı alan şəxsin Bakıda mənzil alması realdırmı?
Məsələ ilə bağlı saytımıza açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ipoteka şərtlərinə əsasən, ilk növbədə vətəndaşın özünün və himayəsində olan şəxslərin xərcləri nəzərə alınır: “Bu xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğin müəyyən hissəsi ipoteka ödənişlərinə yönəldilə bilər.
Himayəsində olan şəxslərin sayı artdıqca, vətəndaşın gəlirinə dair tələblər də yüksəlir. Məsələn, uşaqların sayı çoxdursa və həyat yoldaşı işləmirsə, ailənin xərclərini qarşılamaq üçün daha yüksək əməkhaqqı tələb olunur”.
Ekspertin sözlərinə görə, orta hesabla, kiçik məbləğli ipoteka krediti götürmək istəyən şəxsin aylıq gəlirinin 1000 manat və daha yüksək olması məqsədəuyğundur: “Əvvəllər vətəndaşlar aşağı əməkhaqqı alsalar da, əlavə gəlirləri hesabına tikinti şirkətləri ilə birbaşa müqavilə bağlayaraq mənzil ala bilirdilər. Belə hallarda rəsmi gəlir əsas meyar kimi nəzərə alınmırdı. Lakin son illərdə tikinti şirkətlərinin bazardakı fəallığının azalması rəqabətə də təsir edib. Hazırda aşağı gəlirlə tikinti şirkətlərindən mənzil almaq, demək olar ki, mümkün deyil. Bu zaman həm gəlirin yüksək olması, həm də ilkin ödənişin böyük məbləğ təşkil etməsi tələb olunur”.
Digər bir variant vətəndaşların şəxsi yığımlarıdır. Araşdırmalar göstərir ki, son beş ildə əhalinin yığımları azalıb. Bu səbəbdən bir çox vətəndaş daşınmaz əmlak almaq üçün kifayət qədər vəsait toplaya bilmir. Üstəlik, son illərdə daşınmaz əmlakın qiymətlərində illik 10-12 faizlik artım müşahidə olunur. Bu da mənzil almağı daha da çətinləşdirir.
Elnur Azadov bildirib ki, bəzi vətəndaşlar torpaq alaraq, maddi imkanları yarandıqca tikinti materialları toplayır və mərhələli şəkildə fərdi ev tikirlər: “Digərləri isə ipotekaya müraciət edirlər. Bu istiqamətdə 8 faizlik ipoteka kreditləri və satmaq öhdəliyi ilə kirayə mexanizmi mövcuddur.
Satmaq öhdəliyi ilə kirayə mexanizmində vətəndaş yalnız İpoteka və Kredit Zəmanət Fondunun müəyyən etdiyi ərazilərdə və binalarda yerləşən mənzillər arasından seçim edə bilir. Həmin mənzil dərhal vətəndaşın mülkiyyətinə keçmir. Mülkiyyət hüququ müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra, məsələn, 20 illik müddətin sonunda əldə edilir.
Buna görə də, aşağı gəlirli vətəndaşların mənzil əldə etmək imkanları kifayət qədər məhduddur”.
Bəs, hazırda Bakı şəhərinin rayonları üzrə mənzillərin bir kvadratmetrinin orta bazar qiyməti nə qədərdir?
Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatlarına əsasən, 2026-cı ilin iyul-sentyabr aylarında Bakıda yeni tikili mənzillərin bir kvadratmetrinin orta təklif qiyməti 2 920, köhnə tikili mənzillərdə isə 2 726 manat olub. Abşeron və Xırdalanda yeni tikililərdə bu göstərici 1 739, köhnə tikililərdə 1 614, Sumqayıtda isə müvafiq olaraq 1 978 və 1 759 manat təşkil edib.
Bu qiymətlərlə mənzil almaq üçün nə qədər pul lazımdır?
Bakıda 50 kvadratmetrlik yeni tikili mənzilin orta təklif qiyməti təxminən 146 000, 65 kvadratmetrlik mənzilin qiyməti isə 189 800 manat edir.
Orta aylıq əməkhaqqı 1 173 manat götürüldükdə, 65 kvadratmetrlik mənzilin qiyməti təxminən 162 aylıq əməkhaqqına, yəni maaşın heç bir hissəsi xərclənmədən təxminən 13,5 illik gəlirə bərabərdir.
Mənzil qiymətləri və yaşayış xərcləri nəzərə alındıqda, gənclərin öz gəlirləri hesabına mənzil alması nə dərəcədə realdır?
Bu barədə iqtisadçı Xalid Kərimli bildirib ki, Mərkəzi Bankın əvvəlki statistik göstəricilərinə əsasən, vətəndaşın mənzil alması üçün 217 ay - təxminən 18 ildən çox müddət tələb olunur: “Lakin burada hesablama metodologiyasının fərqli olduğunu nəzərə almaq lazımdır. Belə ki, regionlarda mənzil qiymətləri və orta əməkhaqqı Bakıda olduğundan fərqlidir. Əvvəlki hesablamada orta mənzil qiyməti orta aylıq əməkhaqqına bölünərək müvafiq göstərici müəyyənləşdirilirdi.
Gəlin, mövcud statistik göstəricilər əsasında hesablama aparaq. Orta aylıq əməkhaqqı təxminən 1 170 - 1 175 manatdır. Lakin bu, vergilər və digər tutulmalar nəzərə alınmamış nominal əməkhaqqıdır. Tutulmalar çıxıldıqdan sonra vətəndaşın əlində təxminən 1 000-1030 manat vəsait qalır.
Dövlət və özəl sektorda əməkhaqqı və onun artım tempi fərqlənir. Bununla belə, hesablama aparmaq üçün xalis aylıq gəliri 1 000 manat götürək.
İndi mənzil qiymətlərinə baxaq. Bir kvadratmetrin qiymətini təxminən 2 500–2 700 manat götürsək, 40 kvadratmetrlik mənzilin qiyməti 108 000 manata, 50 kvadratmetrlik mənzilin qiyməti isə 135 000 manata çatır. Təbii ki, bu məbləğlər mənzilin yerləşdiyi ərazidən və sahəsindən asılı olaraq dəyişir.
Tutaq ki, bir gəncin himayəsində heç kim yoxdur və aylıq xalis gəliri 1 000 manatdır. O, yaşayış xərclərinə 500 manat sərf edib, qalan 500 manatı yığa bilsə, 50 kvadratmetrlik mənzil almaq üçün təxminən 22–23 il vaxt tələb olunur”.
İqtisadçının sözlərinə görə, 500 manatla bütün zəruri xərcləri qarşılamaq da hər zaman mümkün deyil: “Əmək qabiliyyətli şəxslər üçün yaşayış minimumu da bu baxımdan nəzərə alınmalı göstəricilərdən biridir. Hətta insanın öz mənzili olsa belə, gündəlik xərcləri qalır. Kirayədə yaşayan şəxsin isə gəlirinin böyük hissəsi kirayə haqqına gedir. Məsələn, 1 000 manat gəliri olan şəxs 500 manat kirayəyə ödəyirsə, mənzil almaq üçün pul yığması daha da çətinləşir.
Beləliklə, 50 kvadratmetrlik mənzil almaq üçün təxminən 20–23 il işləmək lazım gələ bilər. Ancaq bu, yalnız nəzəri hesablamadır. Burada mənzil qiymətlərinin dəyişməsi, inflyasiya və digər amillər nəzərə alınmayıb.
Digər tərəfdən, Mərkəzi Bankın əvvəlki hesabatında mənzil əldə etmək üçün tələb olunan müddətin təxminən 18 il olduğu göstərilirdi. Lakin həmin hesablamada yaşayış xərcləri çıxıldıqdan sonra qalan məbləğ əsas götürülmürdü”.
Xalid Kərimlinin sözlərinə görə, Mərkəzi Bankın maliyyə sabitliyi hesabatında mənzillərin əlçatanlığı ilə bağlı başqa göstəricilər də təqdim olunur: “Bunlardan biri sərəncamda qalan gəlirlərin artım tempi ilə mənzil qiymətlərinin artım tempinin müqayisəsidir. Son beş ilin göstəriciləri əsasında mənzil qiymətlərinin və sərəncamda qalan gəlirlərin artım templərinin təxminən eyni səviyyədə olduğu nəticəsinə gəlmək mümkündür. Yəni insanların gəlirləri artdıqca, mənzil qiymətləri də yüksəlib.
Lakin bir insan 1000 manat gəlirdən cəmi 200 manat geri ata bilirsə, onun ev ala bilməsi üçün 50-60 il vaxt lazımdır”.