Tarif Şurasının "EKOLOGİYA SEVGİSİ" - ŞƏRH

Tarif Şurasının
İQTİSADİYYAT

05 yanvar 2021, 12:02

Mətn ölçüsü

4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.


SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Qeyd edilməlidir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, bu qərarın əsaslandırılması tamamilə əsassızdır: 

“Tarif şurası atılan addımı ekoloji məsələlərlə izah etməyə çalışdı. Amma bu qərarın ekoloji məsələlərlə heç bir əlaqəsi yoxdur. Yanacağın ekoloji məsələlərdə iştirakını azaltmaq istəyirdilərsə, ən azından hibrid və elektrik avtomobillərinin ölkəyə gətirilməsində ciddi güzəştlər tətbiq edə bilərdilər. Məsələn, gömrük rüsumları və vergi dərəcələri azaldıla bilərdi. Yaxud sıfırlana bilərdi. Bu isə həm avtoparkın yenilənməsinə, həm də ekologiyaya müsbət təsir göstərərdi. Qərarın verilməsinin əsas səbəbi dövlət büdcəsindən SOCAR-a ayrılacaq dotasiyaların azaldılması ilə əlaqədardır. Bu dotasiyaları kompensasiya etmək istəyirlər. Qiymət artımı məhz dövlət büdcəsindən ayrılan kompensasiyaların azaldılması ilə izah edilə bilər”. 

N.Cəfərlinin sözlərinə görə bu qərar bütün sahələrə, o cümlədən qiymət artımına mühüm təsir göstərəcək: "Qərarın istər aqrar, istər logistika, istərsə də yük daşımalarda neqativ təsirini görəcəyik. Aqrar sektorda maya dəyərinin 30%-i dizel yanacağının qiymətindən asılıdır. Maya dəyərininin 30%-ni formalaşdıran amil məhz yanacaqdır. Ona görə də belə bir məqamda qiymətlərin artımı onların maya dəyərinə ciddi təsir göstərəcək”.

Məhərrəm Əliyev