”Heç kim suyu açıq qoyub televizora baxmır” – ”Azərsu” çeynənmiş fikirlər səsləndirir - ŞƏRH

”Heç kim suyu açıq qoyub televizora baxmır” – ”Azərsu” çeynənmiş fikirlər səsləndirir - ŞƏRH
İQTİSADİYYAT

01 fevral 2021, 17:54

Mətn ölçüsü

Dünən Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.


Azərsu qərarı belə əsaslandırıb: Tarif tənzimlənməsi “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasına imkan yaradacaq. Həmçinin fasiləsiz su təminatının əhatə dairəsinin daha da genişlənməsinə şərait yaranacaq, Səhmdar Cəmiyyətin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə imkanlar formalaşacaq. Dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılması dayandırılacaq və bu vəsaitin sərbəstləşməsinə imkan yaranacaq. Tarif tənzimlənməsi ilə əlaqədar dövlət büdcəsində sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq sosialyönümlü tədbirlərə yönəldiləcək.

Qeyd edək ki, su təchizatının tarifi bundan əvvəl ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat olub.

News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev “Azərsu”nun daxili xərclərinin azaldılmasının əhəmiyyətindən söz açdı: 


“Hökumət qurumları qərarı belə əsaslandırır ki, su təminatının səmərəliliyinin artırılması üçün belə bir addım atılıb. Qeyd edirlər ki, xəstələr çoxdur. Bu fonda müvafiq addımlar atmaq üçün vəsaitə ehtiyac var. Ancaq hesab edirəm ki, belə qərar verməzdən qabaq  “Azərsu”yun özündə elə etməlidilər ki, xərclərin şəffaflığı təmin olunsun. Orada ayrılan büdcə xərclərinin istiqamətlərinin tam qənaətliyi təmin olunsun. Ölkə başçısı da bu barədə dəfələrlə vurğulayıb ki, xərcləmələrdə şişirilmələrə yol verilir. Daxildə bəzi vəsaitlərin qənaətinin hesabına lazımi vəsaiti formalaşdırmaq olar və qiymət artımına da ehtiyac olmaz. Daxili resursların qiymətləndirilməsini aparmadan, xərclərin daha da genişlənməsinə getmək əhalidə müəyyən bir narazılığa gətirib çıxarır. Əhali yüksək xidmət görmədiyinə görə, bu qərar adekvat olmur”. 

İqtisadçı “Azərsu”nun tarif dəyişikliyi məhdud su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadəyə sövq edəcək yanaşmasını belə təhlil edib:

“Əvvəlki və ya yeni qiymət fərq etməz. Vətəndaş pulunu verdiyi təqdirdə artıq şəxsi işidir, lap istəyir həyətində hovuz hazırlasın. Biz axı pulunu verən adama deyə bilmərik az istifadə etməlisən. Bunu o vaxt deyə bilərik ki, başqa bir idarəetməni tətbiq edək. Elə yerlər var ki, sayğac sistemi sona qədər qurulmayıb. Sayğacların bəziləri isə normal işləmir. Onlara baxmaq və bərpa etmək lazımdır. Sayğacdan kənar su mənbələrinin tapılması mütləqdir. Bütün hər kəsin suyuna sayğac quraşdırılmalıdır. Elə evlər var ki, iki su mənbəyi var. “Azərsu”yun əməkdaşı gəldikdə isə müəyyən “hörmət” edir və görməzdən gəlir. Kimsə tam pulunu verib xidmətdən istifadə edirsə, ona dünyanın heç bir yerində məhdudiyyət qoyulmur”. 

İqtisadçı ekspert Natiq Cəfərli yeni qərarı absurd adlandırıb:


“ “Azərsu”yun və digər dövlət şirkətlərinin dövlət büdcəsindən dotasiya alması heç kəsə sirr deyil. Hətta Prezident səviyyəsində belə bu məsələ tənqid edilib. Amma bununla əlaqədar heç bir addım atılmadı. Audit yoxlaması belə olmadı ki, niyə ziyanla işlədiyini araşdırsın. Maya dəyəri niyə yüksəkdir, satınalmalar niyə şişirdilib?” 

N. Cəfərli vurğulayıb ki, hansısa şirkət ziyanla işləyirsə, qiymət artırılmır, ilk növbədə xərclər azaldılır:

“Təəssüf ki, belə bir addımı biz görmədik. “Azərsu”nun bərbar idarəetməsi və ziyanla işləməsinin məsuliyyəti vətəndaşın çiyninə yüklənildi. Nəticə etibarilə büdcədən ayrılan dotasiyalar kəsildi və əvəzində vətəndaş öz cibindən bu xərcləri qarşıladı. Təbii ki, doğru yanaşma deyil. İkinci səbəb isə özəlləşmə ilə əlaqədardır. Bir çox dövlət şirkətlərinin və o cümlədən, “Azərsu”nun paylayıcı hissəsi yaxın gələcəkdə özəlləşdiriləcək. Özəlləşdirmə zamanı xarici investorlara cəlbedici qiymətlər görünsün deyə çox güman ki, öncədən qiymətləri artırdılar. 


“Azərsu”nun məsələyə məhdud su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadəyə sövq edəcək kimi yanaşması çeynənilən və absurd bir fikirdir. Onsuz sudan istifadə üçün pul ödəyirdik. Heç bir insan suyu açıq qoyub, televizora baxmır.  İstifadə olunandan artıq heç kim suyu boşa sərf etmir. Əvvəl su pulsuz deyildi ki, insanlar hara gəldi işlətsin. “Azərsu”nun səsləndirdiyi fikirlər bəsitdir və heç bir məntiqi əsası yoxdur”.

Məhərrəm Əliyev