Sabiq maliyyə naziri: “Bəzi işbazlar qiymət artımından İSTİFADƏ EDİR" - ŞƏRH

Sabiq maliyyə naziri: “Bəzi işbazlar qiymət artımından İSTİFADƏ EDİR
İQTİSADİYYAT

06 fevral 2021, 16:11

Mətn ölçüsü

“Qiymətlərlə bağlı ortada panik artım tendensiyası var. Ən mənfi hal da məhs elə budur. Bu məsələnin qarşısını almaq üçün bizdə İqtisadiyyat Nazirliyinin nəzdində qiymətlərə nəzarətedici xüsusi qurum var. Həmin qurum öz müşahidələrini aparmalı, işini görməli və vəzifələrini yerinə yetirməlidir”.

Bunu News24.az-a açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.

İqtisadçı-alim deyir ki, kəskin olmasa da real olaraq qiymətlərin artımı müşahidə olunur: “Xüsusilə, ərzaq məhsullarında biz bu artımı müşahidə edirik. Hökumət proseslərin sabit qalmağına çalışsa da benzin və suyun digər qiymətlərə təsir etməməsi üçün cəhd etsə də, təəssüf ki, bu, mümkün deyil. Qiymətlərin artımını şərtləndirən əsas amillər benzin, su və yanacaq deyil. Həmçinin, karantin rejiminin yumşalmasını buraya nümunə deyə bilərik. Bəzi müəssisələrin fəaliyyətə başlaması ictimai iaşə sektorunda və iqtisadiyyatda bir qədər canlanma yaratdı. Artıq bazarlarda ətin və ət məhsullarının qiymətində artım müşahidə etmişəm.  


İnsanlar bəzən yanacağın qiymətinin qalxmasının təsirini bir kənara qoyub, kortəbii şəkildə qiymət artımına yol verirlər. Panik vəziyyətdə bunu icra edirlər. Əslində isə yanacağın qiymətinin artımının məhsula necə təsir etdiyini hesablamaq lazımdır. Məsələn, hansısa ərzaq və ya ət məhsulu bir bölgəmizdən Bakıya gətirilirsə, istifadə etdiyi yanacağa diqqət etməliyik. Qeyd etdiyimiz məqamda avtomobil dizel yanacağından istifadə edirsə, daşınma xərcinin öncəki və indiki qiymətlərini hesablamalıyıq. Dizelin 33 faiz bahalaşdığını nəzərə alsaq, gətirilən ətin hər kiloqramında hansı dəyişikliyə səbəb olduğunu öyrənməliyik. Təbii ki, belə bir hesablama edilərsə, qiymətlərdə böyük artım baş verməməlidir”. 


F. Yusifov bildirib ki, hətta tikinti materiallarında da qiymət artımına şahid ola bilərik: “Bu yaxınlarda tikinti bazarında özüm monitorinq apardım. 2-5 ay öncə ilə indiki arasında xeyli qiymət dəyişikliyi var. Dizel yanacağının qiyməti artandan sonra bazarlarda bəzi tikinti materiallarının satışını dayandırdılar. Nümunə üçün sementi satmırdılar. Yaxınlaşıb, səbəbini soruşduqda yeni qiyməti gözlədiklərini deyirdilər. Bazar hər bir addıma, hökumətin qərarına, hərəkətə və rəsmi bəyanata belə reaksiya verir. 


Kənd təsərrüfatında aqrar sektorda torpağın şumlanmasından tutmuş, məhsulun yığılması və onun son istehlakçıya, yəni, bazara çatdırılmasına qədər bütün işlər dizel yanacağı ilə görülür. Bunun qarşısını almaq mümkün deyil. Qarşısını almaq kəndçiyə ziyana işləməsini və yaxud da dünən əldə etdiyin 33 faiz mənfəəti azalt deməkdir. Onların real imkanları yoxdur”. 

O vurğulayıb ki, bəzi işbazlar vəziyyətdən istifadə edir: “Təcrübə göstərir ki, şərti olaraq 33 faiz yanacağın qiyməti bahalaşıbsa, hansısa kənd təsərrüfatı məhsulunun qiymətində 10 faiz artım baş verirsə, bəzi işbazlar bunu 50 faiz edir. Belə hallar yolverilməzdir və qarşısı alınmalıdır”. 


F. Yusifov əməkhaqqının artımı ilə əmək məhsuldarlığının uzlaşmasını belə şərh etdi: “Bu məsələ nəzəri baxış tələb edir. Məsələn, müəssisə daxilində bir işçi on məhsul istehsal edirsə, məhsuldarlıq artdığı üçün on yox, on beş məhsul istehsal edəcək. İşçi yaxşı məhsul verə bilirsə, deməli, sahibkara daha çox pul qazandırmaq və mənfəət gətirmək imkanı yaradır. Buna görə də sahibkar onun əmək haqqını artıra bilər. Ancaq bunu bütün cəmiyyətə və iqtisadiyyata şamil etmək çətindir. Çünki məhsuldarlıq hər yerdə fərqlidir. Məhsuldarlıq o vaxt qalxır ki, yeni texnologiya və iş metodları ortaya qoyulur”. 

Məhərrəm Əliyev