İnam Kərimov müəllim-tələbə heyəti ilə görüşdü - FOTOLAR

İnam Kərimov  müəllim-tələbə heyəti ilə görüşdü - FOTOLAR
İQTİSADİYYAT

16 iyul 2021, 10:52

Mətn ölçüsü

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinə hazırlıq işləri ilə tanış olub.

News24.az xəbər verir ki, nazir yeni fəaliyyətə başlayan Biotexnologiya Mərkəzinə baş çəkib, ADAU-nun yeni saytının təqdimat mərasimində iştirak edib, Peşə Təlimi Mərkəzində son tamamlama işləri ilə tanış olub, universitetin müəllim-tələbə heyəti ilə görüş keçirib.

Bu ildən Azərbaycan Dövlət Aqrar Universitetinin Biotexnologiya Mərkəzi fəaliyyətə başlayır. Mərkəzdə laboratoriya şəraitində klon calaqaltı formaları mikroklonal üsulla çoxaldılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya Mərkəzində bu universiteti bitirmiş mütəxəssislər çalışır.

Tələbə Parkında müəllimlərlə keçirilən görüşdə aqrar sahə üzrə mütəxəssis hazırlığı, bu sahədə elmi araşdırmalar, təhsilin keyfiyyətinin artırılması, tələbə və müəllimlərin mübadilə proqramları çərçivəsində xarici ölkələrdə təhsil alması, xarici mütəxəssislərin təhsil prosesinə cəlb edilməsi təcrübəsinin ildən-ilə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün müvafiq tapşırıqlar verilib. 

Təhsil-Tədris Təsərrüfatında tələbələrlə görüşdə qeyd olunub ki, yaxın günlərdə "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə "Sabahın Kənd Təsərrüfatı" adlı Yay Məktəbi fəaliyyətə başlayacaq. Yay Məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, qlobal iqlim dəyişikliyi, onun aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik və aqrar təhsil istiqamətləri mövzularında təlimlər və görüşlər həyata keçiriləcək.

Nazir İnam Kərimov bakalavr təhsilini uğurla başa vuraraq magistraturaya qəbul olmuş tələbələri təbrik edib, Aqrar İnkişaf Könüllülərinə fəaliyyətlərində uğurlar diləyib.