Dubayda "Azərbaycan Ticarət Evi" açılacaq
    • 7-12-2018, 16:36
    • 1 111

Dubayda "Azərbaycan Ticarət Evi" açılacaq

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə İxracatçılar Klubunun Dubayda açılacaq "Azərbaycan Ticarət Evi"nə dair növbəti iclası keçirilib.

Tədbirdə 50-dən çox şirkətin nümayəndəsi iştirak edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev BƏƏ-də, o cümlədən digər Körfəz ölkələrində Azərbaycan istehsalı olan məhsullara böyük maraq olduğunu qeyd edib. Bildirilib ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Dubayda yaradılacaq "Azərbaycan Ticarət Evi" yerli məhsullarının tanıdılması və ixracın artırılması istiqamətində fəaliyyət göstərəcək. Elnur Əliyev Azərbaycanla BƏƏ arasında iqtisadi-ticarət əlaqələrinə dair məlumat verib, Dubayda açılacaq ticarət evinin iş adamlarına yaradacağı imkanları diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq Belarus, Latviya, Ukrayna, Çin və Polşada ticarət və şərab evləri, Rusiyanın Həştərxan vilayətində isə Azərbaycan İş Mərkəzi fəaliyyət göstərir.

//AZƏRTAC