"Məktəblərdə süni intellekt və kibertəhlükəsizlik fənlərinin tədrisinə başlanılacaq"

"Məktəblərdə süni intellekt və kibertəhlükəsizlik fənlərinin tədrisinə başlanılacaq" İqtisadiyyat

"Hazırda təhsilin bütün pillələri üzrə yaradılmış elektron xidmətlər "myGov" platformasına inteqrasiya edilib. İlkin mərhələdə daha çox istifadəçisi olan xidmətlərin platformaya köçürülməsinə üstünlük verilir".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masa zamanı deyib.

O qeyd edib ki, cari ildən etibarən ölkədə təhsil sənədlərinin elektron formada təqdim olunması nəzərdə tutulur: " Artıq peşə təhsili üzrə ilk elektron diplom verilib. Yaxın zamanda diplomlar, sertifikatlar və digər təhsil sənədləri də "myGov" platforması üzərindən vətəndaşlar üçün əlçatan olacaq.

Bununla yanaşı, "Rəqəmsal məktəb" platforması artıq Bakı şəhərində istifadəyə verilib. Platforma vasitəsilə valideynlərə övladlarının təhsil prosesini izləmək üçün müxtəlif rəqəmsal imkanlar təqdim olunur. Hazırda şagirdlər, müəllimlər və məktəb direktorları da daxil olmaqla platformanın 100 mindən çox istifadəçisi var. Sentyabr ayından etibarən platformanın ölkənin iri şəhərlərində də istifadəyə verilməsi planlaşdırılır. Bunun nəticəsində istifadəçilərin sayının təxminən 2 milyona çatacağı gözlənilir.

Eyni zamanda, artıq 5-ci sinifdən etibarən məktəblərdə süni intellekt və kibertəhlükəsizlik fənlərinin tədrisinə başlanılacaq. Bu fənlər 10-cu sinfə qədər tədris olunacaq. Yeni proqramın tətbiqi ilə əlaqədar müəllimlər üçün təlimlərə artıq start verilib".