AMB sədri inflyasiyanın əsl səbəbini açıqladı
İqtisadiyyat
"Biz tələb amillərinin inflyasiyaya təsirini yüksək qiymətləndirmirik. Hesablamalarımız onu göstərir ki, büdcə xərclərinin, cari xərclərin 10% artımı və kredit portfelinin, bank sektoru vasitəsilə kredit portfelinin 10% artımı müvafiq olaraq 0.29% və 0.12% artırıcı təsir göstərir. Bu da bizim şəraitimizdə yüksək göstərici deyil. Bu onu deməyə əsas verir ki, tələb inflyasiyasının ümumi inflyasiya təsiri aşağıdır".
News24.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib.
Taleh Kazımov əlavə edib ki, inflyasiya tələb və təklif amillərindən formalaşır. Biz inflyasiyanı əsasən idxal edirik və son 4 ildə müşahidə edirik ki, inflyasiyaya artırıcı təsir edən amil məhz təklif amilidir:
"Təklif amillərinə baxdıqda, burada iki əsas kanal var. Birincisi, idxal etdiyimiz mal və xidmətlərin qiyməti, yəni ticarət tərəfdaşlarında olan inflyasiya nəticəsində artan qiymətlər Azərbaycana idxal olunur. Həmçinin də, yerli bazarda istehsalçıların xərc amillərinin artmasıdır. Xərc amilləri dedikdə, bizim tənzimlənən xidmətlərimiz var, misal üçün işıq, qaz, su və digər yanacaq qiymətləri, hansı ki, dövlət tərəfindən idarə olunur. Onların dəyişimi, bizim istehsal etdiyimiz mal və ya xidmətlərin maya dəyərinin artımı nəticəsində bizdə inflyasiya yaranır".