Avtomobil almaq istəyənlərə vacib xəbər: Bu tarixə qədər tələsin!
İqtisadiyyat
Gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəştinin müddəti başa çatır. Bununla bağlı Vergi Məcəlləsinə hər hansı dəyişikliklə bağlı təklif təqdim edilməyib. Yalnız 2026-cı ildən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan və satılan elektrik mühərrikli avtobuslara ƏDV güzəştinin tətbiq ediləcəyi bildirilir. Bu güzəşt yalnız oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış, tam elektrik mühərriki ilə işləyən avtobuslara şamil ediləcək.
Maraqlıdır, hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisinin başa çatması qiymətlərin bahalaşmasına səbəb olacaqmı?
Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev News24.az-a açıqlamasında bildirib ki, hibrid avtomobillərə tətbiq olunan güzəşt müddətinin başa çatması yaxın aylarda avtomobil bazarında müəyyən dəyişikliklərə səbəb olacaq:
"Bu proses həm qiymət dinamikasına, həm də istehlakçı davranışına təsir göstərəcək. Əlbəttə ki, güzəştlərin bitməsi müəyyən mənada bazarda hibrid avtomobillərin satış faizinin azalmasına gətirib çıxara bilər. Amma bu, tam geriləmə demək deyil. Sadəcə, nisbətən azalma müşahidə oluna bilər. Bununla yanaşı, 0 km daxiliyanma mühərrikli avtomobillərin satışında müəyyən canlanma gözlənilir. Bu da bazar üçün bir növ balans yarada bilər, çünki həmin avtomobillərin mövqeyi yenidən güclənəcək".
AADA rəsmisi əlavə edib ki, bu dəyişiklik fonunda vətəndaşların avtomobil seçiminə yanaşması da təkcə qiymət amili ilə məhdudlaşmır:
“Hazırda insanlar avtomobili seçərkən yalnız onun ucuzluğuna deyil, daha çox keyfiyyətinə, funksional imkanlarına və yanacaq sərfiyyatına diqqət yetirirlər. Yəni vətəndaş üçün əsas məsələ avtomobilin uzunömürlü, qənaətcil və rahat olmasıdır. Buna görə də hibridlərə maraq tamamilə itəcək demək düzgün olmaz. Əksinə, bəzi istehlakçılar üçün bu avtomobillər yenə də prioritet qalacaq”.