AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqladı

AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqladı İqtisadiyyat

"Bakı Metropoliteni" QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində xətdə buraxılacaq ekspres avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-a qədər davam edəcək.

News24.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, "28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Belə ki, əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.

Bildirilib ki, yeni ekspres xətləri bunlardır:

M1 – Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında

M2 – Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında

M3 – Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında

M4 – Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında

M5 – Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında

M6 – Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında

Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.

Sərnişinlər alternativ marşrutlar barədə məlumatı "AYNA MaaS" tətbiqi vasitəsilə də əldə edə bilərlər.

Layihənin icra müddətində metronun "28 May", "20 Yanvar", "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər.