Azərbaycanda qiymətli kağızlar üzrə ödənişlərin həcmi açıqlandı

Azərbaycanda qiymətli kağızlar üzrə ödənişlərin həcmi açıqlandı İqtisadiyyat

2026-cı ilin I və II rübləri üzrə qiymətli kağızlar bazarında nominal, kupon və dividend ödənişlərinin həcmi açıqlanıb.

News24.az xəbər verir kİ, bu barədə Milli Depozit Mərkəzinin (MDM) 2026-cı ilin I-II rübləri üzrə açıqladığı Statistik Bülletendə bildirilib.

Bülletenə əsasən, 2026-cı ilin I rübündə manatla nominal üzrə ödənişlərin ümumi həcmi 1 milyard 269 milyon 483,3 min manat, II rübdə isə 1 milyard 57 milyon 781 min manat təşkil edib. ABŞ dollarında nominal üzrə ödənişlər I rübdə 2,5 milyon dollar olub, II rübdə isə bu valyutada nominal ödəniş qeydə alınmayıb.

Manatla nominal ödənişlərin strukturuna baxdıqda, I rübdə dövlət istiqrazları üzrə 911 milyon 83,3 min manat, Mərkəzi Bank notları üzrə 353 milyon 900 min manat, korporativ istiqrazlar üzrə isə 4 milyon 500 min manat ödəniş həyata keçirilib.

II rübdə isə dövlət istiqrazları üzrə nominal ödənişlərin həcmi 660 milyon 930,4 min manat, Mərkəzi Bank notları üzrə 355 milyon 400 min manat, korporativ istiqrazlar üzrə 41 milyon 450,6 min manat olub.

ABŞ dollarında nominal ödənişlərin 2,5 milyon dolları I rübdə korporativ istiqrazlar üzrə həyata keçirilib.

Kupon ödənişlərinə gəlincə, manatla bu göstərici I rübdə 148 milyon 339,73 min manat, II rübdə isə 152 milyon 879,135 min manat təşkil edib. ABŞ dollarında kupon ödənişləri I rübdə 13 milyon 682,665 min dollar, II rübdə isə 9 milyon 371,413 min dollar olub.

Manatla kupon ödənişlərinin əsas hissəsi dövlət istiqrazlarının payına düşüb. Belə ki, I rübdə dövlət istiqrazları üzrə 139 milyon 288,584 min manat, korporativ istiqrazlar üzrə isə 9 milyon 51,146 min manat kupon ödənişi edilib. II rübdə müvafiq göstəricilər 143 milyon 390,551 min manat və 9 milyon 488,584 min manat təşkil edib.

ABŞ dollarında kupon ödənişləri isə korporativ istiqrazlar üzrə həyata keçirilib. I rübdə bu məbləğ 13 milyon 682,665 min dollar, II rübdə 9 milyon 371,413 min dollar olub.

Bundan əlavə, 2026-cı ilin I-II rübləri ərzində 200 milyon manat məbləğində dividend ödənişi həyata keçirilib. MDM-nin ödəniş agenti qismində çıxış etdiyi bu dividend ödənişi bir korporativ şirkət — maliyyə institutu üzrə icra olunub.