Bakıda böyük layihələr başlayır: Yeni tunel və yollar tıxac problemini həll edəcək?

Bakıda böyük layihələr başlayır:  Yeni tunel və yollar tıxac problemini həll edəcək? İqtisadiyyat

Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyat hərəkətinin yenidən təşkili nəzərdə tutulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihəsi çərçivəsində ərazidə tunel tipli yolötürücüsünün, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcının və Qaradağ istiqamətində yan yolun yaradılması planlaşdırılır.

Layihəyə əsasən, müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarının bir-birindən ayrılması və hərəkətin müxtəlif səviyyələrdə təşkili nəzərdə tutulur. Bununla qovşaqda nəqliyyat vasitələrinin hərəkətində yaranan kəsişmələrin və gecikmələrin azaldılması, giriş və çıxışların daha səmərəli təşkili hədəflənir.

Bəs, bu layihələr Bakının nəqliyyat sıxlığının aradan qaldırılmasına necə təsir edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, burada yalnız layihənin son nəticəsi deyil, tikinti texnologiyası da xüsusi diqqətdə olmalıdır:

"Təklif edirəm ki, mövcud nəqliyyat və avtomobil yolu hərəkətinə təsiri minimuma endirmək üçün tunelin tikintisində qapalı üsuldan, diametri 1020 mm olan borulardan yaradılmış qoruyucu ekran altında mərhələli inşaat texnologiyasından istifadə imkanları nəzərdən keçirilsin. Belə yanaşma səthdə genişmiqyaslı qazıntı işlərinin və nəqliyyatın məhdudlaşdırılmasının qarşısını almağa, tikinti müddətində mövcud hərəkəti mümkün qədər qorumağa imkan verə bilər".

Ekspert bildirib ki, Bakının əsas nəqliyyat qovşaqlarında yeni infrastruktur tikərkən bir sıra məsələlər nəzərə alınmalıdır:

"Problemi həll edərkən tikinti səbəbindən yaranan tıxac və gecikmələri böyütməməliyik. Bu texnologiyanın texniki-iqtisadi və mühəndis baxımından tətbiq imkanlarının layihə mərhələsində ayrıca qiymətləndirilməsini vacib hesab edirəm. Eyni yanaşma paytaxtın yüksək hərəkət intensivliyi olan digər qovşaqlarında da tətbiq oluna bilər: tikinti hərəkəti dayandırmamalı, hərəkətin davamlılığını nəzərə alan texnologiya ilə həyata keçirilməlidir".