Sökülən binaların qiyməti necə hesablanır? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat
Bakıda ev almaq arzusunda olanlar mənzil bazarındakı qiymətlərin yüksək olmasından narazıdırlar.
Paytaxtın xüsusilə mərkəzi və mərkəzə yaxın ərazilərində yeni tikili binalarda mənzillərin 1 kvadratmetrinin 3-3,5 min manata təklif edilməsi ev almaq istəyənlər üçün ciddi maliyyə yükü yaradır.
Xüsusilə istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olduğu üçün sökülən binaların sakinlərinin yeni mənzilə sahib olmaq istəkləri məsələni daha aktual edib.
Onların əksəriyyəti sökülən evlərinin əvəzində verilən kompensasiya ilə paytaxtın mərkəzində ev ala bilmədiklərini deyirlər.
Maraqlıdır, sökülən evlərin əvəzinə vətəndaşlara verilən mənzillərin qiyməti necə müəyyənləşdirilir və yeni tikililərdə qiymətlərin bu qədər yüksək olmasının səbəbi nədir?
Məsələ ilə bağlı News24.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, Bakının mərkəzi və mərkəzə yaxın ərazilərində istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan çoxmənzilli binaların və fərdi yaşayış evlərinin sökülməsi prosesi artıq uzun illərdir davam edir:
"Paytaxtda köhnə tikililərin yenilənməsi həm şəhərin görünüşünün dəyişdirilməsi, həm də təhlükəli vəziyyətdə olan binalarda yaşayan sakinlərin daha müasir və təhlükəsiz mənzillərlə təmin olunması baxımından əhəmiyyət daşıyır. Bakıda söküntü işləri əsasən iki formada həyata keçirilir. Bunlardan biri özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdir. Belə hallarda şirkətlər qəzalı və köhnə çoxmənzilli binaları, eləcə də fərdi yaşayış evlərini sökərək həmin ərazilərdə yeni yaşayış kompleksləri inşa edirlər. Evləri sökülən sakinlər isə yeni tikiləcək binalarda mənzillərlə təmin olunurlar".
Ekspert qeyd edib ki, bu proses zamanı sakinlərə veriləcək mənzilin sahəsi və digər şərtlər tərəflər arasında aparılan razılaşmadan asılı olaraq müəyyənləşdirilir:
"Bu baxımdan köhnə evlərin sökülməsi ilə yeni tikililərdə mənzillərin təqdim olunması arasında müəyyən fərqlər yarana bilər. Söküntülərin digər istiqaməti isə dövlət ehtiyacları ilə bağlıdır. Bu zaman proses özəl tikinti şirkətlərindən fərqli şəkildə həyata keçirilir. Dövlət ehtiyacları üçün müəyyən ərazilərin alınması zamanı vətəndaşların mülkiyyətində olan ev, torpaq və digər daşınmaz əmlak qiymətləndirilir və bazar dəyərinə uyğun olaraq kompensasiya ödənilir".
O qeyd edib ki, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı yeni avtomobil yollarının, dəmir yolu xətlərinin və müxtəlif kommunikasiya sistemlərinin çəkilməsi, parkların salınması, eləcə də inzibati binaların tikintisi kimi layihələr həyata keçirilir:
"Belə hallarda vətəndaşların əmlakı bazar dəyərinə uyğun qiymətləndirilir və onlara kompensasiya ödənilir. Daha sonra həmin ərazilərdə yaşayan sakinlərin köçürülməsi həyata keçirilir. Xüsusilə Bakının mərkəzi və mərkəzə yaxın ərazilərində torpaq sahələrinin və daşınmaz əmlakın qiymətinin yüksək olması bu prosesləri daha da aktual edir. Çünki köhnə tikililərin sökülərək ərazilərin yenidən qurulması fonunda yeni mənzillərin bazar qiyməti ilə köhnə əmlakın dəyəri arasında ciddi fərq yarana bilər"