"Bakının Baş Planı şəhərin inkişafında yeni eranın başlanğıcıdır"
İqtisadiyyat
"Bakının 2040-cı il Baş Planı şəhərin inkişafında yeni eranın başlanğıcı hesab olunur".
News24.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov WUF13 çərçivəsində təşkil olunmuş "İnkişafın yeni əsri" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır və bu səbəbdən dayanıqlı şəhərsalma əsas prioritetə çevrilib:
"Qlobal iqlim hədəflərinə çatmaq üçün beynəlxalq səviyyədə, xüsusilə də BMT platformasında geniş müzakirələr aparılır. Bu istiqamətdə əsas məsələlərdən biri səmərəli mobilizasiyanın təmin olunması, nəqliyyat tıxaclarının azaldılması və müasir şəhər infrastrukturunun formalaşdırılmasıdır".
Read Qasımov qeyd edib ki, Bakı qeyri-adi memarlıq üslubuna malik şəhərlərdən biridir: "Şəhərin Baş Planı tarixi irsin qorunmasını özündə ehtiva etməklə yanaşı, yenidənqurma və müasir inkişaf layihələrini də əhatə edir.
Eyni zamanda, işğal edilmiş ərazilərdə "ağıllı şəhər" konsepsiyasının tətbiqi və innovativ yaşayış məkanlarının yaradılması Baş Planın əsas məqsədlərindən biri kimi qiymətləndirilir".