Banklardan kredit götürmək istəyənlərin diqqətinə: Faizlər dəyişə bilər
İqtisadiyyat
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətini qiymət sabitliyinə yönəldərək illik inflyasiyanı hədəf diapazonunda saxlayıb. Noyabr ayının göstəricilərinə əsasən, illik inflyasiya 5,5 faiz təşkil edib. Bu dövrdə inflyasiyanın formalaşmasında əsasən qida məhsulları və ödənişli xidmətlər üzrə qiymət artımları mühüm rol oynayıb. Eyni zamanda, xarici və daxili təklif-tələb amilləri də inflyasiyaya artırıcı təsir göstərib. Pul siyasətində aparılan islahatlar nəticəsində faiz kanalının ötürücülüyü tədricən aktivləşməyə başlayıb.
Bəs mövcud vəziyyət 2026-cı ildə bankların faizlə kredit vermə siyasətinə necə təsir göstərəcək və kredit bazarında hansı tendensiyalar formalaşacaq?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırkı mərhələdə banklarda faiz dərəcələrinin aşağı düşməsi üçün hər hansı əsaslı şərt formalaşmayıb.
Onun sözlərinə görə, hazırda həm depozitlərin cəlb edilməsi, həm də kreditlərin verilməsi üzrə faiz dərəcələri yüksək səviyyədə qalır ki, bu da həm əhalinin, həm də biznes sektorunun kredit resurslarına çıxışını müəyyən qədər məhdudlaşdırır.
İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın 2023-cü ildən etibarən tətbiq etdiyi pul siyasəti prinsiplərində ciddi dəyişiklik müşahidə olunmur və bu yanaşma inflyasiyanın idarə olunması, eləcə də maliyyə sabitliyinin qorunması baxımından əhəmiyyətli hesab edilir.
Xalid Kərimli vurğulayıb ki, 2026-cı il üçün AMB-nin atacağı addımlar hələlik tam aydın deyil. Bunun əsas səbəbi Mərkəzi Bankın il ərzində səkkiz faiz qərarı iclası keçirməsidir.
Onun sözlərinə görə, bu iclaslarda qərarlar beynəlxalq iqtisadi mühit, ABŞ dollarının məzənnə dinamikası, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti, qonşu ölkələrdə inflyasiya səviyyələri və daxili makroiqtisadi göstəricilər nəzərə alınmaqla qəbul ediləcək: "Mövcud yüksək faiz dərəcələrinin isə 2026-cı ilin ilk rübündə də davam edəcəyi gözlənilir ki, bu da kredit bazarında qiymətlərin yüksək səviyyədə qalacağı anlamına gəlir".
İqtisadçının fikrincə, yaranmış vəziyyət kredit götürmək istəyənlər üçün əlavə maliyyə yükü formalaşdırsa da, depozit sahibləri üçün gəlirlərin nisbətən yüksək qalmasını təmin edir.
O əlavə edib ki, gələcək iclaslarda qəbul ediləcək qərarlar yalnız yaxın perspektivdə aydınlaşacaq və bu qərarlar bankların faiz siyasətinə birbaşa təsir göstərəcək. Beləliklə, Mərkəzi Bankın mövqeyi həm kredit, həm də depozit faizlərinin gələcək dinamikasını müəyyən edən əsas amil olaraq qalacaq.