Benzin və dizellə işləyən avtomobil sürən şəxslərə bəd xəbər: Yaxın illərdə...
İqtisadiyyat
“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində daxili yanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması nəzərdə tutulur. Bu hədəf gələcəkdə elektrik avtomobillərindən istifadənin genişləndirilməsi və nəqliyyat sektorunda karbon emissiyalarının azaldılması istiqamətində dəyişikliklərə yol aça bilər. Bu strategiya benzin və dizellə işləyən avtomobillərin tamamilə qadağan ediləcəyi ilə bağlı bəzi suallar doğurub.
Bəs bu benzin və dizellə işləyən avtomobillərin qadağan ediləcəyi anlamına gəlirmi? Elektrik avtomobillərinə keçid hansı müddətdə və hansı şərtlərlə həyata keçirilə bilər?
Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, söhbət Nazirlər Kabineti tərəfindən qəbul edilən uzunmüddətli strategiyadan gedir. Onun sözlərinə görə, sənədin əsas məqsədi ölkədə karbon emissiyalarını azaldan texnologiyaların tətbiqini genişləndirmək, enerji keçidini sürətləndirmək və Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə töhfəsini artırmaqdır:
"Karbon emissiyalarının azaldılması hazırda dünyanın bir çox ölkəsində həyata keçirilən əsas istiqamətlərdəndir. Atmosferə buraxılan karbon qazının miqdarının azaldılması qlobal istiləşmənin qarşısının alınması və iqlim dəyişikliklərinin təsirlərinin məhdudlaşdırılması baxımından əhəmiyyət daşıyır. Son illərdə müxtəlif ölkələrdə müşahidə olunan daşqınlar, quraqlıqlar, güclü leysanlar və digər ekstremal hava hadisələri iqlim dəyişiklikləri ilə bağlı narahatlıqları artırır. Bu baxımdan, Azərbaycan da beynəlxalq səylərə qoşularaq emissiyaların azaldılması istiqamətində addımlar atmağı hədəfləyir".
Ekspert qeyd edib ki, strategiya ilə konkret tarixdən etibarən benzin və dizellə işləyən avtomobillərin istifadəsinin qadağan olunması arasında fərq var:
“Bu, strategiyadır, yəni ideya, konsepsiya və gələcək üçün müəyyənləşdirilən hədəflərdir. Sənəddə konkret olaraq hansısa tarixdən etibarən müəyyən avtomobillərin istifadəsinin qadağan olunacağı və ya istismardan çıxarılacağı barədə dəqiq mexanizm nəzərdə tutulmur. Strategiyada iki əsas mərhələ, 2035-ci ilədək və 2060-cı ilədək olan dövrlər müəyyənləşdirilib. 2035-ci ilə qədər əsas diqqətin hazırlıq işlərinə, müvafiq mexanizmlərin hazırlanmasına və zəruri qərarların qəbuluna yönəlməsi gözlənilir".
Ərşad Hüseynov xüsusi olaraq vurğulayıb ki, nəqliyyat sektorunda dəyişikliklərin həyata keçirilməsi üçün əvvəlcədən stimullaşdırıcı tədbirlər hazırlanmalıdır. Buraya gömrük siyasətinin təkmilləşdirilməsi, idxal olunan avtomobillərin strukturunun dəyişməsi, daxili istehsal imkanlarının genişləndirilməsi və əhalinin elektrik avtomobillərinə marağını artıracaq mexanizmlərin tətbiqi daxil ola bilər:
"Məqsəd insanları məcburi şəkildə avtomobil dəyişməyə vadar etmək deyil, elektrik avtomobillərinə keçidi onlar üçün daha əlverişli və cəlbedici etməkdir. Hazırda Azərbaycanda elektrik avtomobillərinin sayı ümumi nəqliyyat vasitələrinin sayı ilə müqayisədə çox aşağıdır. Ölkədə traktorlar, kənd təsərrüfatı və texnoloji nəqliyyat vasitələri, avtobuslar, yük və minik avtomobilləri, motosikletlər də daxil olmaqla, iki milyondan çox mexaniki nəqliyyat vasitəsi mövcuddur. Elektriklə işləyən nəqliyyat vasitələri isə bu parkın yalnız kiçik hissəsini təşkil edir.
Ekspert hesab edir ki, mövcud vəziyyətdə bütün nəqliyyat parkının qısa müddətdə elektrik avtomobilləri ilə əvəzlənməsi real görünmür:
"Elektrik avtomobillərinə keçidin sürəti yalnız Azərbaycanın qərarlarından asılı olmayacaq. Dünya avtomobil sənayesində baş verən dəyişikliklər, istehsalçıların bazara hansı texnologiyaları çıxarması, avtomobillərin qiyməti və əlçatanlığı da bu prosesə təsir göstərəcək. Avtomobil sənayesi tarix boyu texnoloji dəyişikliklərdən keçib və elektrik avtomobillərinə keçid də bu prosesin növbəti mərhələsi ola bilər".
O, həmçinin karbüratorlu mühərriklərdən injektor sistemlərinə, daha sonra isə turbo texnologiyalarına keçidi xatırladıb. Onun sözlərinə görə, bu yeniliklər avtomobil sənayesinin inkişafı ilə əlaqədar tədricən baş verib və köhnə texnologiyaların istifadəsi zamanla azalıb:
"Elektrik avtomobillərinin yayılması da oxşar inkişaf yolu ilə gedə bilər. Lakin bunun hansı sürətlə baş verəcəyi avtomobil istehsalçılarının qərarlarından, texnologiyaların qiymətindən və bazarın tələbindən asılı olacaq. Azərbaycanda istifadə olunan avtomobillərin böyük hissəsi xarici istehsalçılara məxsusdur. Buna görə də ölkədə elektrik avtomobillərinə keçidin sürəti dünya avtomobil bazarındakı dəyişikliklərlə sıx bağlıdır. Gələcəkdə istehsalçılar elektrik avtomobillərini daha geniş çeşiddə və münasib qiymətlərlə bazara çıxarsalar, Azərbaycanda da bu nəqliyyat vasitələrinə tələbat arta bilər. Elektromobillərə keçidin normal baş verməsi üçün ölkənin hər yerində bu avtomobillərin enerji doldurma məntəqələri açılmalıdır. Eyni zamanda belə avtomobillərə texniki qulluq yüksək səviyəyə qaldırılmalıdır".