“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat
“Bir” ekosistemi ilə Xəzər Universiteti arasında tələbələrin inkişafına dəstək vermək, onları əmək bazarına hazırlamaq və universitet-biznes əməkdaşlığını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramları, mentorluq dəstəyi və peşəkar inkişaf təlimləri həyata keçiriləcək. Bununla da tələbələr universitetdə qazandıqları bilikləri real iş mühitində tətbiq etmək, iş dünyasını daha yaxından tanımaq və gələcək karyeralarına daha hazırlıqlı başlamaq imkanı əldə edəcəklər.
Tədbirdə “Bir” ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə əmək bazarının ehtiyaclarına cavab verən peşəkarların hazırlanmasında universitetlə biznes arasında davamlı əməkdaşlığın vacib olduğunu vurğulayıb. “Biz inanırıq ki, yaxşı mütəxəssis auditoriyada formalaşmağa başlayır, iş həyatında isə inkişaf edir. Ona görə də biz ali məktəblərlə əməkdaşlığı təcrübə proqramı kimi yox, gələcəyin peşəkarlarına yatırım olaraq dəyərləndiririk. Hazırda “Bir” ekosistemində Xəzər Universitetinin 48 məzunu çalışır, onların 14-ü rəhbər vəzifələrdə fəaliyyət göstərir. Bu statistika universitetdə formalaşan potensialın ən yaxşı göstəricilərindən biridir. İnanıram ki, əməkdaşlığımız daha çox potensiallı gənci əmək bazarına qazandıracaq”.
Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə bildirib ki, bu gün tələbələr üçün nəzəri bilik qədər real iş təcrübəsi də vacibdir. O qeyd edib ki, universitetlə biznes arasında qurulan əməkdaşlıqlar gənclərin iş dünyasını daha yaxından tanımasına, gələcək karyera seçimlərini daha inamla etməsinə və öz potensialını daha rahat reallaşdırmasına imkan yaradır. Rektor “Bir” ekosistemi ilə əməkdaşlığın tələbələr üçün yeni inkişaf və karyera imkanları açacağına əminliyini ifadə edib.
Qeyd edək ki, “Bir” ekosistemi gənclərin peşəkar inkişafına yönələn layihələri davamlı olaraq həyata keçirir. Hazırda ekosistem bu istiqamətdə 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və bu günədək 2700-dən çox tələbə müxtəlif təcrübə proqramlarında iştirak edib. Məqsəd gənclərin real iş mühitini daha yaxından tanımasına, praktik təcrübə qazanmasına və gələcək karyeralarına daha hazırlıqlı başlamasına imkan yaratmaqdır.
“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKartla” qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir” Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az