Bu banklarla bağlı şikayət artdı: Vətəndaşlar nədən narazıdır?

Bu banklarla bağlı şikayət artdı: Vətəndaşlar nədən narazıdır? İqtisadiyyat

Mərkəzi Bankın açıqlamasına görə, son dövrlərdə müştərilər tərəfindən ən çox şikayət edilən bankların adları müəyyənləşib. Siyahıda BTB, Yapı Kredi Azərbaycan, Unibank və Bank of Baku ilk yerləri tutur. Bu, bank sektorunda xidmət keyfiyyəti və müştəri məmnuniyyəti ilə bağlı hansı problemlərin daha çox diqqət mərkəzində olduğunu göstərir.

Bəs müştərilərin narazılığının əsas səbəbləri nələrdir – xidmət səviyyəsi, kredit şərtləri, yoxsa digər amillər?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov News24.az-a açıqlamasında bildirib ki, banklara edilən şikayətlərin çoxluğu həmişə bankın səhv etdiyini göstərmir. Onun sözlərinə görə, vətəndaşların narazılıqları əsasən kreditlər, əmanətlər və kart əməliyyatları ilə bağlıdır.

“Kreditlərlə bağlı ən çox rast gəlinən narazılıq borcun düzgün hesablanması məsələsidir. Bu, vətəndaşlar tərəfindən çox zaman qanunsuzluq kimi qiymətləndirilir və haqlı şikayət hüququ yaranır. Lakin bəzi hallarda vətəndaş bankdan güzəşt gözləyir, lakin bu təmin olunmadığı üçün şikayət edir”.

Əkrəm Həsənov vurğulayır ki, bankın güzəşt etməməsi qanunsuzluq hesab edilə bilməz və bu cür müraciətlər çox vaxt əsassız olur:

“Əmanətlərlə bağlı məsələlər də müəyyən şikayətlərin yaranmasına səbəb olur. Əmanətin vaxtından əvvəl götürülməsi, faizlərin hesablanması və ya bankın şərtlərində dəyişikliklər vətəndaşlar üçün narahatlıq yarada bilər. Kartlardan pul çıxarılması və oğurluq hallarına dair müraciətlərin son dövrlərdə artdığını da qeyd etmək lazımdır. Bu kimi hallar həm banklar, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və şikayətlərin ümumi statistikasında ciddi artım müşahidə olunur”.