Bu şəxslər kartdan-karta 5-dən artıq köçürmə edə biləcək - Diqqət
İqtisadiyyat
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, bu ilin sentyabr ayının sonunda banklar və “Azərpoçt” MMC-nin sistemləri üzrə ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb. Ötən ayla müqayisədə artım 414 min, illik müqayisədə isə 9,5 faiz təşkil edib. Diqqətçəkən məqamlardan biri də debet kartlarının sayında artım olduğu halda, kredit kartlarının sayının azalmasıdır.
Bəs ödəniş kartlarının sayındakı bu artım hansı amillərlə bağlıdır?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, ödəniş kartlarının sayının artması vətəndaşların kart əməliyyatlarına tətbiq edilən məhdudiyyətlərdən sonra alternativ kartlar əldə etməsi ilə bağlıdır:
"Bu artımın dələduzluq halları ilə əlaqələndirilməsi üçün əsas yoxdur. İqtisadçı hesab edir ki, mövcud məhdudiyyətlər ümumi xarakter daşıyır və müəyyən şərtlər daxilində banklar tərəfindən artırıla bilər. Artımın xüsusi bir faydası yoxdur. Kart əməliyyatlarına məhdudiyyətlər tətbiq edildikdən sonra vətəndaşlar bir neçə kart açmağa başlayıblar. Ancaq bunun da müəyyən həddi var. Bir müddət sonra bu proses dayanacaq".
İqtisadçı bildirib ki, kartların sayının artmasının dələduzluqla əlaqəsi yoxdur:
"Dələduzluq etmək istəyən şəxs bunu bir kart vasitəsilə də, beş kart vasitəsilə də edə bilər. Sadəcə, hazırda müəyyən limitlər mövcuddur və vətəndaşlar qanunvericiliyin yaratdığı imkanlardan istifadə edirlər. Burada qeyri-adi heç nə yoxdur. Vətəndaşın kart əldə etmək hüququ varsa və bank da bunu məqsədəuyğun hesab edirsə, ona əlavə kart verə bilər. Mövcud məhdudiyyətlər ümumi qaydalar çərçivəsində müəyyənləşdirilib. Vətəndaş beşdən artıq əməliyyat aparmağa və ya müəyyən edilmiş limitdən daha yüksək məbləğdə köçürmə etməyə ehtiyac duyursa, bunu banka əsaslandıra bilər. Məsələn, gəlirlərini və müvafiq müqavilələrini təqdim etməklə daha yüksək limitin tətbiqinə nail ola bilər".