Bu şəxslərə 3 il müavinət ödəniləcək, əmlaklarına çıxarış veriləcək
İqtisadiyyat
"Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən keçmiş məcburi köçkünlər 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar".
News24.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcək:
"Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Eyni zamanda, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən qarşılanır. Bundan başqa, bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur. Yeni dəyişikliklərə əsasən, həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq. Eyni zamanda, məsələn, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, bu hüquq bütün təhsil dövrünü əhatə edəcək. Yəni, tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq.
Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılmasına başlanılır. Fond işğaldan azad olunmuş ərazilərdə mülkiyyətlə təmin olunan əhalinin mülkiyyət hüququnun tanınmasını və onlara Dövlət Reyestrindən çıxarışların verilməsini həyata keçirəcək. Bu da o deməkdir ki, əgər əvvəlki dövrlərdə məcburi köçkünlər dövlətdən mənzil verilən zaman onlara çıxarış verilmirdisə, artıq yeni qanunla mənzillə təmin olunan məcburi köçkünlər çıxarışla təmin ediləcək. Beləliklə, öz dədə-baba yurduna qayıdan soydaşlarımızın mülkiyyət hüququ tanınacaq".
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təkmilləşdirilməsinə dair üç ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat verməlidir:
"Nazirlər Kabineti isə işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydasını dörd ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla təsdiq etməlidir. Son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir. Bu addım onu göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan və dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunacaqlar".