Bu şəxslər kommunal ödənişlərdən azad oluna bilər – VACİB AÇIQLAMA

Bu şəxslər kommunal ödənişlərdən azad oluna bilər – VACİB AÇIQLAMA İqtisadiyyat

Azərbaycanda sosial müavinət alan şəxslərin kommunal xidmət haqlarından tam və ya qismən azad edilməsi məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur.

Bəs mövcud qanunvericilik belə bir güzəşti nəzərdə tuturmu və gələcəkdə bunun tətbiqi mümkündürmü?

News24.az xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycanda sosial müavinət alan şəxslərin kommunal xidmət haqlarından tam və ya qismən azad olunmasını nəzərdə tutan hüquqi norma mövcud deyil.

Onun sözlərinə görə, belə bir güzəştin tətbiqi yalnız qanunvericilik təşəbbüsü əsasında mümkün ola bilər:

“Bu, qanunvericilik təşəbbüsünə bağlı məsələdir. Hazırda ölkəmizdə belə bir norma yoxdur. Əgər Nazirlər Kabineti bununla bağlı parlamentə təqdimat versə və Milli Məclis müvafiq qanun qəbul etsə, o zaman sosial müavinət alan şəxslər üçün kommunal ödənişlərlə bağlı güzəştlərin tətbiqi mümkün ola bilər”.

İqtisadçı hesab edir ki, bu məsələdə vahid yanaşmadan daha çox diferensial mexanizmlərin tətbiqi məqsədəuyğun olar.

“Fərqli bölgələrin sosial-iqtisadi şəraiti nəzərə alınmalıdır. Məsələn, ucqar dağ kəndlərində və bəzi rayonlarda yaşayan əhali üçün qaz və elektrik enerjisinin tarifi yarı qiymətlə hesablanarsa, bu, daha ədalətli yanaşma olar. Dünyanın bir sıra ölkələrində də məhz belə diferensial tarif sistemi tətbiq edilir”, – deyə Natiq Cəfərli vurğulayıb.

İqtisadçının fikrincə, kommunal güzəştlərlə bağlı mümkün dəyişikliklər hazırlanarkən həm sosial vəziyyət, həm də yaşayış bölgələrinin xüsusiyyətləri nəzərə alınmalı, dövlət dəstəyi həqiqətən ehtiyacı olan əhali qruplarına yönəldilməlidir.