Əkin sahələri süni intellekt texnologiyaları ilə yoxlanılır - Nazir müavini

Əkin sahələri süni intellekt texnologiyaları ilə yoxlanılır - Nazir müavini İqtisadiyyat

"Rəqəmsallaşmanın növbəti mərhələsi süni intellekt əsaslı qərarvermə mexanizmlərinin tətbiqidir. Hər il minlərlə fermerin dövlət dəstəyindən yararlanması üçün onların əkin sahələrinin yoxlanılması tələb olunur. Bu prosesin daha operativ və dəqiq həyata keçirilməsi məqsədilə süni intellekt texnologiyalarından istifadə edilir".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, hazırda 33 süni intellekt həllinin hazırlanması istiqamətində işlər aparılır:

"Bu texnologiyalar vasitəsilə fermerlərin torpaq sahələrinin effektiv monitorinqi həyata keçirilir, yanlış subsidiyaların verilməsi və digər uyğunsuzluqlar vaxtında aşkar edilir.

Bununla yanaşı, süni intellekt fermerlərə torpaq xüsusiyyətlərinə uyğun hansı bitkilərin əkilməsinin daha məqsədəuyğun olduğunu, eləcə də onların becərilməsi və inkişaf etdirilməsi ilə bağlı tövsiyələr təqdim edir. Beləliklə, texnoloji həllər kənd təsərrüfatı sahəsində daha düzgün və operativ qərarların qəbulunu asanlaşdırır.

Su ehtiyatlarının səmərəli idarə olunması da prioritet istiqamətlərdən biridir. Süni intellekt texnologiyalarının tətbiqi suvarma sistemlərinin daha səmərəli idarə edilməsinə, su resurslarından qənaətlə istifadə olunmasına və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına imkan yaradır".