Elektron köçürmələrdə 20 min manat limiti: Ev və maşın satanlara problem yaranacaq?
İqtisadiyyat
Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron köçürmələrlə bağlı yeni qayda qüvvəyə minir.
Maliyyə Monitorinqi Xidmətinin qərarına əsasən, maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları üzrə bir təqvim ili üçün minimum hədd 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğində müəyyən edilib.
Yeni qaydaya görə, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin məbləği 20 min manata çatdıqdan sonra onun hər növbəti elektron köçürməsi barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək. Buraya hesablararası köçürmələr, hesab açmadan həyata keçirilən köçürmələr və digər ödəniş alətləri vasitəsilə aparılan elektron köçürmələr daxildir.
Bəs yeni qayda vətəndaşların gündəlik pul köçürmələrinə necə təsir edəcək? 20 min manatlıq həddin müəyyənləşdirilməsində əsas məqsəd nədir?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, maliyyə şəffaflığının təmin edilməsi, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması dövlət üçün legitim və zəruri məqsəddir:
"Yeni qaydalara əsasən, 20 min manat və daha yuxarı məbləğdə elektron pul köçürmələri üzrə hesabatlılıq saxlanılır. Fiziki şəxslər üzrə ay ərzində elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdə isə həmin ay ərzində sonrakı elektron pul köçürmələri də hesabat mexanizminə düşür. Burada əsas məqsəd böyük məbləğin bir neçə kiçik əməliyyata bölünərək monitorinqdən yayınmasının qarşısını almaqdır. Lakin bir məsələ çox aydın izah edilməlidir ki, 50 min manatlıq aylıq həddin keçilməsi və ya 20 min manatdan yuxarı köçürmənin aparılması vətəndaşın qanunsuz fəaliyyət göstərməsi demək deyil. Hesabatlı əməliyyat avtomatik olaraq şübhəli əməliyyat hesab edilə bilməz".
İqtisadçı qeyd edib ki, bu məsələyə bir neçə aspektdən baxmaq olar:
"Məsələn, vətəndaş 150 min manata daşınmaz əmlakını satır və vəsaiti bank hesabına köçürür, başqa bir şəxs avtomobilini satır, ailə üzvünə böyük məbləğdə pul göndərir, biznes fəaliyyətindən əldə etdiyi vəsaiti başqa hesabına keçirir və ya qanuni kommersiya öhdəliyini elektron köçürmə ilə icra edir. Bu əməliyyatların məbləği böyükdür, lakin məbləğin böyük olması onların öz-özlüyündə şübhəli olması anlamına gəlmir. Əsas təhlükə bundan sonra başlayır. Əgər banklar yeni hesabat mexanizmini risk əsaslı yanaşma əvəzinə böyük məbləğ problem prinsipi ilə tətbiq etməyə başlasalar, qanuni maliyyə dövriyyəsi üçün əlavə maneələr yarana bilər. Vətəndaş öz qanuni gəlirini istifadə edərkən bank qarşısında dəfələrlə əlavə izahat vermək, sənəd təqdim etmək və əməliyyatının məqsədini sübut etmək məcburiyyətində qala bilər".
Onun sözlərinə görə, bu maliyyə monitorinqinin məqsədinə uyğun olmayan nəticə yarada bilər:
"Çünki effektiv çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi bütün müştərilərə eyni şübhə ilə yanaşmamalıdır. Müştərinin gəlir mənbəyi, fəaliyyət profili, əvvəlki əməliyyatları, pulun təyinatı, əməliyyatın iqtisadi mahiyyəti və risk səviyyəsi birlikdə qiymətləndirilməlidir. Digər mühüm məsələ bankların üzərinə düşən texnoloji və inzibati yükdür. Bank sistemi artıq hər bir müştərinin ay ərzində müxtəlif elektron köçürmələrini izləməli, məbləğləri toplamalı, müəyyən həddin keçilib-keçilmədiyini müəyyən etməli və hesabat tələb olunan əməliyyatları düzgün təsnif etməlidir. Bu prosesdə texniki səhv və ya yanlış risk qiymətləndirməsi vətəndaşın əməliyyatına birbaşa təsir göstərə bilər".