Gürcüstandan ət idxalı artıb - Ucuzlaşma olacaq?
İqtisadiyyat
Azərbaycanda ət bazarında son aylarda müşahidə olunan dəyişikliklər fonunda diqqətçəkən statistika açıqlanıb. Gürcüstandan ölkəmizə diri qoyun idxalı bu ilin ilk yarısında kəskin şəkildə artıb. Rəsmi rəqəmlər göstərir ki, idxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə yüksəlib. Bu artımın daxili bazarda qiymətlərə və təklifə necə təsir edəcəyi isə maraq doğurur.
Bəs Gürcüstandan Azərbaycana diri qoyun idxalı niyə bu qədər artıb? Bu artım ölkədə ət qiymətlərinin ucuzlaşmasına səbəb olacaq?
Məsələ ilə bağlı News24.az-a danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, diri qoyun idxalının 2,5 dəfə artması qısa müddətdə bazarda qırmızı ət təklifini artıraraq qiymətlər üzərində müəyyən sabitləşdirici təsir göstərə bilər:
"Təklif artdıqca, bazarda məhsul qıtlığı riski azalır və bu da qiymətlərin sürətlə yüksəlməsinin qarşısını müəyyən dərəcədə ala bilər. Bununla belə, təkcə idxalın artması qiymətlərin uzunmüddətli sabit qalacağı anlamına gəlmir. Qırmızı ətin qiymətinə yem xərcləri, logistika, yanacaq qiymətləri, baytarlıq xidmətləri, mövsümi tələbat və ümumi inflyasiya kimi amillər də ciddi təsir göstərir. Əgər bu xərclər artmağa davam edərsə, idxalın yaratdığı müsbət təsir məhdud ola bilər".
Ekspert qeyd edib ki, hazırda yerli heyvandarlığın inkişaf etdirilməsi vacibdir:
"Digər tərəfdən, bazarın uzunmüddətli sabitlik üçün əsas amil yerli heyvandarlığın inkişafıdır. İdxal qısamüddətli dövrdə bazardakı təklif çatışmazlığını kompensasiya edə bilər, lakin yerli istehsal artırılmadıqca, qiymət sabitliyini yalnız idxal hesabına qorumaq çətin olacaq. Buna görə də diri qoyun idxalının artması qiymət artımını ləngidə bilər, lakin qiymətlərin tam sabit qalmasına zəmanət vermir".