Hər kəs üçün 50 manat - Yeni rüsum müzakirə yaratdı
İqtisadiyyat
Toxumçuluq sahəsində tətbiq edilən yeni dövlət rüsumları fermer və sahibkarlar arasında birmənalı qarşılanmayıb. Toxum əməliyyatçılarının qeydiyyata alınması və toxumların sortluq və səpin keyfiyyətlərini təsdiqləyən sertifikatların verilməsi ilə bağlı müəyyənləşdirilən ödənişlər xüsusilə kiçik sahibkarlar arasında narazılıq yaradıb. Belə ki, informasiya sistemindən çıxarışın verilməsi üçün 50 manat dövlət rüsumunun müəyyənləşdirilməsi əkinçiliklə məşğul olan bəzi şəxslər tərəfindən yüksək hesab olunur.
Maraqlıdır, rüsumun belə yüksək olmasına səbəb nədir?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, toxumçuluq sahəsində müəyyənləşdirilən dövlət rüsumları göstərilən xidmətlərin dəyərinin qarşılanmasına xidmət edir:
"Dövlət tərəfindən hər hansı ixtisaslaşmış xidmət göstərilərkən bu prosesdə çalışan əməkdaşların əməyinə görə də xərc yaranır və həmin xərclərin müəyyən hissəsi rüsumlar hesabına qarşılanır. Bu xidmətin göstərilməsi üçün dövlət aparatı işləyir, əməkdaşlar fəaliyyət göstərir. Toplanan rüsumlar da həmin xidmətlərin göstərilməsi və orada çalışan şəxslərin əməkhaqqı kimi xərclərin qarşılanmasına yönəlir”.
İqtisadçı qeyd edib ki, toxumçuluq fəaliyyəti ilə məşğul olan şəxslərin aldıqları ixtisaslaşmış xidmətin xərcini də məhz həmin xidmətdən yararlananlar ödəməlidir:
“Rüsum nədir? Dövlətin göstərdiyi ixtisaslaşmış xidmətə görə vətəndaşdan aldığı ödənişdir. Bir tərəfdən dövlət sektorunda çalışanların maaşlarının artırılmasını, dövlət aparatının maliyyələşdirilməsini istəyirik, digər tərəfdən isə dövlətə ödəniş etmək istəmirik. Bəs dövlət bu vəsaiti haradan əldə etməlidir? Buna cavab vermək lazımdır”.
O vurğulayıb ki, xidmət xərcinin dövlət büdcəsindən qarşılanması nəticə etibarilə bütün vətəndaşların üzərinə düşə bilər:
“Əgər mən toxumumu qeydiyyatdan keçirirəmsə və bununla bağlı xidmət alıramsa, həmin xidmətin təşkilinə çəkilən xərci də ödəməliyəm. Çünki bunu xidmət alan şəxs ödəmədikdə vəsait büdcədən qarşılanacaq. Büdcə isə hamının puludur. Yaxud büdcədə vəsait çatışmayanda vergilərin artırılması gündəmə gələcək və həmin xərc yenə vətəndaşlardan alınacaq”.
Ekspert hesab edir ki, dövlət kənd təsərrüfatı sahəsində bu cür xidmətlərin qiymətinin mümkün qədər aşağı saxlanmasına çalışmalıdır, lakin xidmətin müəyyən xərcinin olması nəzərə alınmalıdır:
“Dövlət büdcəsini müəyyənləşdirərkən kənd təsərrüfatı sahəsinə dəstək göstərilməsi və xidmətlərin mümkün qədər ucuz olması nəzərə alına bilər. Amma ümumi prinsip ondan ibarətdir ki, hər bir xidmətin dəyərini həmin xidmətdən yararlanan şəxs ödəməlidir”.