İlk Transxəzər yük qatarı Azərbaycana yola düşdü

İlk Transxəzər yük qatarı Azərbaycana yola düşdü İqtisadiyyat

Çinin şimal şəhəri Tiencindən ilk Transxəzər yük qatarı bu gün Bakıya yola düşüb.

News24.az xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.

"China Railway Beijing Group" şirkətinə məxsus olan qatar Qazaxıstandan keçərək daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycana göndəriləcək. O, paslanmayan polad borular, məişət texnikası və digər mallarla yüklənib.

"Yeni marşrut Tiencini Azərbaycan, Qazaxıstan və regionun digər ölkələri ilə birləşdirən sabit və səmərəli nəqliyyat dəhlizi yaradır", - Tiencin konteyner mərkəzinin nümayəndəsi Yan Tsyunyon qeyd edib.

Məlumata görə, marşrutun uzunluğu təxminən 7 min kilometr təşkil edir, yol müddəti isə təxminən 20 gündür, bu da ənənəvi dəniz daşımalarından 10 gün daha tezdir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM, Orta Dəhliz) əsas qovşağı olan Bakı, Çindən gələn yükləri digər ölkələrə və regionlara göndərə biləcək.(Report)