Kart köçürmələrinə limit qoyulmasının pərdəarxası - İqtisadçı tənqid etdi
İqtisadiyyat
Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib.
Limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib. Eləcə də, ödəniş kartları və elektron pul hesablarının sayı və elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur.
Bəs bu yeniliyin səbəbi nədir və gələcəkdə nələrə səbəb olacaq?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ödəniş kartları, elektron cüzdanlar və kartdan-karta köçürmələrə məhdudiyyətlərin tətbiqinə dair dünyada geniş yayılmış nümunələr yoxdur. Onun sözlərinə görə, apardığı araşdırmalar zamanı bu cür məhdudiyyətlərin tətbiq edildiyi praktikaya rast gəlməyib:
"Belə qərarların hansı nümunəyə əsaslandığı aydın deyil. Mən araşdırdım və bu tip məhdudiyyətlərin tətbiq olunduğunu görmədim. Əksinə, bu addım nağd pul dövriyyəsini artıracaq. İndiyədək insanlar rahat şəkildə kartlarında pul saxlayır, ehtiyac yarandıqda ailə üzvlərinə və ya yaxınlarına kartdan-karta vəsait köçürürdülər. Mən özüm də gün ərzində həyat yoldaşıma və ya övladıma alış-veriş etmələri üçün tez-tez pul göndərirdim".
İqtisadçı hesab edir ki, istənilən məhdudlaşdırıcı qərarın alternativ nəticələri də olur:
"Əgər hökumət düşünürsə ki, bu yolla qeyri-leqal əməliyyatların və ya vergidən yayınmanın qarşısını alacaq, əks effekt yaranacaq. İnsanlar sadəcə, kartda pul saxlamaq əvəzinə vəsaitlərini bankomatlardan çıxarıb nağd şəkildə istifadə etməyə üstünlük verəcəklər. Bu isə nağdsız ödənişlərin inkişafı istiqamətində əldə olunan nəticələri geriyə aparacaq. Belə məhdudiyyətlərlə vergi və digər problemləri həll etmək mümkün deyil".