Kart limitləri ilə bağlı narahatlıq yarandı: İnsanlar kütləvi şəkildə imtina edir?
İqtisadiyyat
Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyulması və bəzi köçürmələrə məhdudiyyətlərin tətbiq edilməsindən sonra sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur. Bir çox vətəndaş yeni qaydaların gündəlik ödənişlərdə narahatlıq yaradacağını bildirərək bank kartlarından imtina edib yenidən nağd hesablaşmalara üstünlük verəcəyini qeyd edir.
Bəziləri nağd ödənişin daha rahat və sərbəst olduğunu desə də, digərləri bunun müasir ödəniş sistemlərindən geri addım olacağını düşünür.
Bəs kartlardan imtina edib nağd ödənişlərə qayıtmaq nə dərəcədə doğru qərardır?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, kartdan-karta köçürmələrə tətbiq olunan yeni limitlərin əhalinin əksəriyyətinin gündəlik maliyyə əməliyyatlarına ciddi təsiri olmayacaq:
"Məhdudiyyətlər əsasən vergidən yayınan şəxslərə, eləcə də, qanunsuz sahibkarlıq və qeyri-rəsmi fəaliyyətlə məşğul olanlara yönəlib. Bu qərarın əsas məqsədi vergidən yayınmanın, qanunsuz sahibkarlıq fəaliyyətinin və qeyri-rəsmi maliyyə dövriyyəsinin qarşısını almaqdır. Adi vətəndaşların gündəlik kart köçürmələri üçün ciddi problem yaranmayacaq".
İqtisadçı qeyd edib ki, sosial şəbəkələrdə bu məsələ ətrafında yaranan narahatlıq reallığı tam əks etdirmir. Onun sözlərinə görə, gündə beş nəfərə və ya ay ərzində çoxsaylı kartlara müntəzəm köçürmə edən şəxslərin sayı ölkə əhalisinin çox cüzi hissəsini təşkil edir:
"Yeni qaydalar daha çox vergidən yayınmaq məqsədilə şəxsi bank kartlarından istifadə edən sahibkarlıq subyektlərinə müəyyən çətinlik yarada bilər. Bununla belə, o hesab edir ki, bəzi şəxslər yenə də müxtəlif yollarla bu məhdudiyyətlərdən yayınmağa cəhd göstərə bilərlər. Tətbiq olunan limitlər dövlətin nəzarət mexanizmlərini əvəz etmir. Bu məhdudiyyət o demək deyil ki, vergi orqanları vergidən yayınan şəxslərə göz yumacaq. Əksinə, nəzarət tədbirləri davam etdiriləcək və qeyri-qanuni fəaliyyətlə məşğul olanlar monitorinq altında saxlanılacaq".