Kartdan-karta ödənişlərlə bağlı yeni qərar: Vətəndaşlara necə təsir edəcək?

Kartdan-karta ödənişlərlə bağlı yeni qərar: Vətəndaşlara necə təsir edəcək? İqtisadiyyat

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan-karta və kartdan köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyənləşdirilib.

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, yeni tariflərin birbaşa vətəndaşlara göstərilən bank xidmətlərinin qiymətinin artırılmasına təsiri olmayacaq:

"Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi tariflər əsasən ödəniş sistemlərinin iştirakçıları, o cümlədən banklar arasında aparılan hesablaşmalara aiddir. Bu səbəbdən qərarın qəbul edilməsi avtomatik olaraq vətəndaşların kartdan-karta köçürmələr üçün daha çox komissiya ödəyəcəyi anlamına gəlmir. Vətəndaşlara pulsuz təqdim olunan bank xidmətlərinin də müəyyən xərcləri var. Sadəcə, banklar müxtəlif səbəblərdən həmin xərcləri müştərilərdən tələb etməyə və ya öz üzərinə götürməyə qərar verə bilərlər".

İqtisadçı qeyd edib ki, biz hər hansı bank xidmətindən pulsuz istifadə ediriksə, bu, həmin xidmətin banka xərc yaratmadığı demək deyil:

"Məsələn, bankomatdan pul çıxarılması və ya kartdan-karta köçürmənin həyata keçirilməsi bank üçün müəyyən xərclər yaradır. Sadəcə, bank öz siyasətinə uyğun olaraq bu xidməti müştəriyə pulsuz təqdim edə və ya komissiya tətbiq edə bilər. Yeni tariflərin əsas məqsədlərindən biri banklar və ödəniş sistemlərinin digər iştirakçıları arasında hesablaşmaların daha sistemli şəkildə tənzimlənməsidir. Əvvəllər tərəflər arasında razılaşmalar əsasında müəyyənləşdirilən tariflərin normativ qaydada müəyyən edilməsi bu sahədə vahid yanaşmanın formalaşmasına xidmət edir".

İqtisadçının fikrincə, yeni qaydaların vətəndaşların kartdan-karta köçürmələrinə təsiri məsələsində əsas məqam bankların öz qiymət siyasətidir:

"Belə ki, banklar müştərilərə müəyyən limit daxilində komissiyasız köçürmə imkanı yarada, limitdən artıq əməliyyatlara görə isə xidmət haqqı tətbiq edə bilərlər. Bu şərtlər bankdan, kartın növündən və müştəriyə təqdim olunan xidmət paketindən asılı olaraq dəyişir. Bank müştərinin bu dəyişikliyi hiss edib-etdirməyəcəyinə özü qərar verir. Hazırda da bəzi kartlardan köçürmələr zamanı komissiya tutulur, bəzilərində isə müəyyən məbləğ və ya limit çərçivəsində belə bir ödəniş nəzərdə tutulmur. Bu, bankın müştəri cəlb etmək siyasəti və xidmətlərə qoyduğu qiymətlərlə bağlıdır”.