Kənd təsərrüfatında süni zəka layihəsi - Nazirdən açıqlama

Kənd təsərrüfatında süni zəka layihəsi - Nazirdən açıqlama İqtisadiyyat

Kənd təsərrüfatı sahəsində süni zəka layihəsinin tətbiqi planlaşdırılır.

News24.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov AzTV-yə müsahibəsində deyib.

Bu layihə çərçivəsində hansı işlərin görüləcəyinə aydınlıq gətirən nazir bildirib ki, rəhbərlik etdiyi qurum “Elektron Kənd Təsərrüfatının İdarəedilmə Sistemi”ni yaradıb:

"Biz ölkədə əkin həyata keçirən fermerlərin data bazasını formalaşdırmışıq. Artıq 6-cı ildir ki, onların nə əkdiyini, harada əkdiyini qeyd edirik. Subsidiyaların hesablanması və ödənişi də bu sistem vasitəsilə həyata keçirilir.

Hazırda layihənin növbəti mərhələsi üzərində çalışırıq. Aqrar süni zəka layihəsi çərçivəsində 30-a yaxın modul hazırlanır. Bunlardan 8-9-u test mərhələsindədir. Bu modullara torpaq xəritəsi, bitki xəritəsi, bitki sağlamlığı xəritəsi, fermer reytinqi, məhsuldarlığın proqnozlaşdırılması, dərmanların optimal tətbiqi, örüş və otlaq sahələrinin idarə olunması daxildir. Bunların hamısının məqsədi həm peyk, həm dron, həm də müxtəlif cihazlar vasitəsilə sahədən toplanan məlumatların süni zəka ilə emal edilməsidir. Mövcud vəziyyət, iqlim və torpaq şəraiti, tarixi məlumatlar və əkilən bitkilər nəzərə alınaraq fermerlərə daha dəqiq məlumat xidmətləri təqdim olunacaq".

Bəs, bölgədəki insanların bu texnologiyalara münasibəti necədir?

Məcnun Məmmədov qeyd edib ki, burada söhbət fermerlərin ənənəvi üsullardan müəyyən mənada ayrılaraq yeni aqrar üsulların tətbiqinə, yəni məlumatların toplanaraq onların əsasında qərarların verilməsinə cəlb olunmasından gedir:

"Bizim Aqrar İnnovasiyalar Mərkəzi vasitəsilə bölgələrdə təşkil etdiyimiz aqrar-biznes festivalları olduqca geniş yayılıb. Son 3 ildə ölkənin demək olar ki, bütün rayonlarını əhatə etmişik. Hər il təxminən 30-35 rayonda müxtəlif aqrar-biznes festivalları keçirilir. Məqsəd fermerlərlə texnologiyanı, gübrə və dərmanları, müasir innovativ həlləri bir yerə gətirməkdir. Hətta bunları birbaşa fermerlərin yanına aparırıq və ucqar rayonlarda belə tədbirlər təşkil olunur.

Eyni zamanda, 2025-ci ildən etibarən 20 ali təhsil ocağından 90-a yaxın tələbəni təlim düşərgələrinə cəlb etmişik. Bunlar süni zəka və proqramlaşdırma fənləri üzrə təhsil alan tələbələrdir. Keçən il 5 belə təlim düşərgəsi Zəngilan, Xankəndi, Şamaxı, Saatlı və Xaçmazda təşkil olunub. Məqsəd gənclərin kənd təsərrüfatında mövcud problemlərin süni zəka və proqramlaşdırma vasitəsilə həll yollarını axtarmasına nail olmaq, onların gələcəkdə aqrar sektora marağını artırmaqdır.

Həmçinin bu proses nəticəsində müxtəlif startaplar yarana bilər. Bu da öz-özlüyündə aqrar sahədə həllərin elektronlaşmasına xidmət edəcək. Belə tədbirlər genişləndikcə transformasiyanın daha da sürətlənəcəyi gözlənilir".

Gülçin Abdullayeva