Kimin evində varsa, bəxti gətirdi - Qiyməti əl yandırır

Kimin evində varsa, bəxti gətirdi - Qiyməti əl yandırır İqtisadiyyat

Azərbaycanda qızılın qiyməti yenidən qalxıb. İyunun 5-dən sonrakı müddətdə onun dəyəri ən yüksək həddə çatıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı ötən ayın 5-də 1 unsiya qızıla 7557.6220 manat qiymət qoymuşdu. Lakin ondan sonra qızıl tədricən ucuzlaşmağa başladı.

Bu ay girəndən isə onun qiyməti yenidən dəyişib bahalaşmağa doğru getdi.

Bu gün isə Mərkəzi Bank 1 unsiya qızılın qiymətini 7493.7105 manata qaldırıb. Bu, iyunun 5-dən sonrakı dövr ərzində, yəni iki aydan çox müddətdə qeydə alınan ən yüksək qiymətdir.

Bəs bu artım nə zamana qədər davam edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov bildirib ki, dünya bazarında qızılın qiymətində müşahidə olunan yüksəliş makroiqtisadi göstəricilərin, monetar siyasətlə bağlı gözləntilərin, institusional investisiya tələbinin və geosiyasi risklərin qarşılıqlı təsiri ilə əlaqədardır:

"Bahalaşmanı şərtləndirən əsas amillərdən biri ABŞ əmək bazarında müəyyən zəifləmə əlamətlərinin müşahidə olunmasıdır. Məşğulluq göstəricilərinin proqnozlardan aşağı olması və iqtisadi fəallığın nisbətən səngiməsi inflyasiya təzyiqlərinin yumşala biləcəyinə dair gözləntiləri gücləndirir. ABŞ Federal Ehtiyat Sisteminin son iclasında uçot dərəcəsini dəyişməz saxlaması da sərt pul-kredit siyasətinin davam etdirilməsi ehtimalının müəyyən qədər azalmasına səbəb olub".

Ekspert qeyd edib ki, bununla yanaşı, İran–ABŞ münasibətlərinin gələcək istiqaməti, Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və Hörmüz boğazı vasitəsilə enerji ixracının dayanıqlılığı ilə bağlı qeyri-müəyyənlik qlobal əmtəə və maliyyə bazarları üçün mühüm risk amili olaraq qalır:

"Bu risklər enerji təchizatı və beynəlxalq ticarət marşrutları ilə bağlı narahatlıqları artıraraq qızılın kapitalın dəyərinin qorunması və investisiya portfellərinin risklərdən sığortalanması vasitəsi kimi rolunu gücləndirir. Mövcud qiymətləndirmələr cari ilin qalan dövründə investisiya tələbinin bazarı dəstəkləyən əsas amillərdən biri olacağını göstərir. Asiya bazarlarında investor fəallığının qorunması, birja fondlarına kapital axınının davam etməsi və investisiya portfellərinin diversifikasiyasına marağın artması qiymətlərə əlavə dəstək verə bilər.

O bildirib ki, zərgərlik məmulatlarının keyfiyyəti isə yalnız qızılın əyarı ilə məhdudlaşmır:

"Burada ərintinin tərkibi və davamlılığı, istehsal və emal səviyyəsi, konstruktiv möhkəmlik, dizayn, istifadə olunan qiymətli daşların xüsusiyyətləri, əyar və istehsalçı nişanlarının düzgünlüyü, eləcə də məmulatın müəyyən edilmiş standartlara uyğunluğu mühüm rol oynayır. Azərbaycan zərgərlik bazarında idxal məhsulları əhəmiyyətli pay tutur. Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri əsas təchizat istiqamətləri sırasında yer alır, İtaliya və İspaniya brendləri də bazarda təmsil olunur. İsveçrə isə əsasən yüksək saflığa malik affinaj edilmiş qızıl və investisiya məhsulları ilə tanınır. Bununla belə, istehlakçı üçün əsas meyar məhsulun hansı ölkədə istehsal olunmasından daha çox, onun əyarının, mənşəyinin, sertifikatının və keyfiyyət göstəricilərinin etibarlı şəkildə təsdiqlənməsidir".