Kredit kartlarının verilməsi ilə bağlı yenilik: Banklar qaydaları sərtləşdirdi

Kredit kartlarının verilməsi ilə bağlı yenilik: Banklar qaydaları sərtləşdirdi İqtisadiyyat

Son aylarda bank sektorunda diqqətçəkən tendensiya formalaşıb. Belə ki, kredit kartlarının verilmə sayı azalıb. Rəqəmlər göstərir ki, ötən illə müqayisədə bu göstərici 7 faiz aşağı düşüb. Bu azalma həm bankların kredit siyasətindəki dəyişikliklər, həm də əhalinin borclanma meyillərindəki ehtiyatlı davranışla bağlı ola bilər.

Bəs banklar niyə daha az kredit kartı verməyə üstünlük verir?

Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli News24.az-a bildirib ki, bu ilin əvvəlindən etibarən kredit kartlarının ümumi sayı təxminən 2 milyon 116 min ədədə enib, halbuki ötən il bu göstərici 2,2 milyon civarında idi:

"Bu azalma ümumi kart dövriyyəsindəki artım fonunda baş verir, yəni bank kartlarının ümumi sayı artır, lakin kredit (taksit) kartlarının xüsusi çəkisi azalır. Bu fakt təkcə müraciətlərin azalması ilə izah edilə bilməz. Məsələnin arxasında həm tənzimləmə siyasəti, həm də istehlakçı davranışındakı dəyişikliklər dayanır.

Azərbaycan Mərkəzi Bankının hesabatlarına görə, 2025-ci ilin sentyabrına qədər dövriyyədə olan bank kartlarının ümumi sayı 21,36 milyon ədəd olub. Bu da illik müqayisədə təxminən 13 faiz artım deməkdir. Bununla belə, bu artım əsasən debet kartları hesabına baş verib. Hazırda kartların təxminən 89 faizi debet, 11 faizi isə kredit kartlarıdır".

İqtisadçı qeyd edib ki, kredit kartlarının sayında azalma müşahidə olunsa da, bu kartlarla aparılan əməliyyatların həcmi əksinə, artıb. 2024-cü ildə kredit kartı əməliyyatlarının ümumi həcmi 8,7 milyard manat təşkil edib, bu da ötən illə müqayisədə 40 faiz artım deməkdir:

"Bu paradoksal vəziyyət, yəni kart sayının azalması, amma əməliyyat həcminin artması bazarda aktiv istifadəçilərin daha çox xərcləməsi, lakin yeni kart sahiblərinin sayının azalması tendensiyasına işarə edir. Son illərdə Mərkəzi Bank istehlak kreditləşməsi sahəsində riskləri azaltmaq üçün bir sıra addımlar atıb. Bu çərçivədə kredit kartlarının limitlərinə, gəlir nisbətlərinə və borclanma göstəricilərinə nəzarət güclənib. Banklar artıq müştərinin gəlirini, əvvəlki borc yükünü və kredit tarixçəsini daha sərt qiymətləndirir. Nəticədə, bəzi potensial müştərilərə kredit kartı verilməsindən imtina edilir".