Krediti olan şəxslərin nəzərinə: Faizlər artacaq

Krediti olan şəxslərin nəzərinə: Faizlər artacaq İqtisadiyyat

Bank olmayan kredit təşkilatları (BOKT) bu ilin ilk yarısını zərərlə başa vurub. Maraqlıdır, bu zərərin formalaşmasında yüksək faiz dərəcələrinin və problemli kreditlərin artmasının rolu nə qədərdir? Digər tərəfdən, maliyyə nəticələrinin pisləşməsi BOKT-ların gələcək faiz siyasətinə necə təsir göstərə bilər?

Hazırki dövrdə bir çox insan bank olmayan kredit təşkilatlarından istifadə edir. Lakin bəzi insanlar kreditlərini gecikdirir və üzərinə olduqca çox faiz gəlir, nəticədə isə borclarını vaxtında ödəmirlər.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən bank məsələləri üzrə ekspert, tanınmış hüquqşunas Əkrəm Həsənov qeyd edib ki, bank olmayan kredit təşkilatlarının zərərinin əsas səbəbi problemli kreditlərin artmasıdır. Onun fikrincə, bəzi borcalanlar götürdükləri kreditləri vaxtında və tam şəkildə ödəyə bilmir, bəziləri isə ümumiyyətlə ödəniş edə bilmir. Bu da kredit təşkilatlarının maliyyə nəticələrinə mənfi təsir göstərir.

Ekspert hesab edir ki, bunun əsas səbəblərindən biri ölkədə iqtisadi artımın zəifləməsidir:

"İqtisadi artımın olmaması insanların real gəlirlərinin artmaması deməkdir. Digər tərəfdən isə qiymətlər yüksəlir. Nəticədə həm vətəndaşlar, həm də sahibkarlar götürdükləri kreditləri vaxtında və tam şəkildə ödəməkdə çətinlik çəkirlər. Bəziləri isə ümumiyyətlə ödəniş edə bilmir. Bu problem təkcə bank olmayan kredit təşkilatlarında deyil, bank sektorunda da müşahidə olunur."

Ekspert bildirib ki, bank olmayan kredit təşkilatlarında faiz dərəcələrinin banklarla müqayisədə yüksək olmasının əsas səbəbi onların maliyyə resurslarını daha baha əldə etməsidir:

"Banklar vətəndaşlardan 10-12 faizlə əmanət cəlb edə, həmçinin Mərkəzi Bankın təqdim etdiyi maliyyə resurslarından daha aşağı faizlə yararlana bilirlər. Bank olmayan kredit təşkilatlarının isə belə ucuz maliyyə mənbələri yoxdur. Onlar əksər hallarda vəsaiti banklardan daha yüksək faizlə cəlb edirlər. Buna görə də həmin vəsaiti borcalanlara daha yüksək faizlə təqdim etməyə məcbur qalırlar."

Ekspertin sözlərinə görə, mövcud vəziyyət bank olmayan kredit təşkilatlarını faizləri azaltmağa sövq etmir:

"Əksinə, faiz dərəcələrinin daha da artması ehtimalı var. Eyni zamanda problemli kreditlərin həcmi və bunun yaratdığı zərərlər də artmaqda davam edəcək. İqtisadi çətinliklər dərinləşdikcə bu tendensiyanın güclənməsi gözlənilir."