“Lukoil” Azərbaycanda fəaliyyətini dayandıracaq? - Bağlanma ehtimalına aydınlıq gətirildi

“Lukoil” Azərbaycanda fəaliyyətini dayandıracaq? - Bağlanma ehtimalına aydınlıq gətirildi İqtisadiyyat

ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni neft sanksiyaları qlobal enerji bazarında gərginliyi artırıb. Bu sanksiyalar təkcə Rusiyanın deyil, onunla iqtisadi əlaqələri olan bir sıra ölkələrin şirkətlərinə də təsir göstərməkdədir. Son günlər yayılan iddialara görə isə Rusiyanın “Lukoil” şirkətinin Azərbaycandakı səhmləri satışa çıxarılıb. “Lukoil” uzun illərdir Azərbaycand fəaliyyət göstərən əsas xarici şirkətlərdən biridir və ölkənin bir neçə mühüm layihəsində paya sahibdir.

ABŞ-nin sanksiyaları fonunda “Lukoil”in Azərbaycandakı fəaliyyəti dayandırıla bilərmi?

Məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban News24.az-a açıqlamasında bildirib ki, “Lukoil” şirkəti ilə bağlı yayılan məlumatlar doğrudur, lakin bu, şirkətin Azərbaycandakı fəaliyyətini dayandıracağı anlamına gəlmir.

“"Lukoil” hazırda dünyanın 22 ölkəsində fəaliyyət göstərir, o cümlədən ABŞ-də də müəyyən layihələrdə iştirakı var. Şirkətin Avropadan mərhələli şəkildə çıxışı gözlənilsə də, bu proses “bağlanma” deyil, daha çox siyasi və iqtisadi adaptasiya xarakteri daşıyır. Avropadan tam çıxışın 2026-cı il ərzində reallaşacağı daha real görünür. Amma bu, qlobal miqyasda ciddi enerji böhranına səbəb olmayacaq. Çünki Avropa İttifaqı və “Lukoil” arasında bu proses qarşılıqlı razılıq əsasında həyata keçirilir, yəni tərəflər kompromis əldə ediblər".

O bildirib ki, “Lukoil”un Mərkəzi Asiya regionunda, xüsusən Özbəkistan və Qazaxıstanda rolu son dərəcə böyükdür. Şirkət bu ölkələrdə hasil olunan qazın mühüm hissəsini təmin edir:

“Özbəkistanda illik 44 milyard kubmetr qaz hasil olunur, bunun 13–14 milyard kubmetri məhz "Lukoil"un payına düşür. Bu göstərici onun regionda nə qədər strateji oyunçu olduğunu göstərir".

Ekspertin fikrincə, “Lukoil”un Azərbaycanda fəaliyyətini dayandırması ona görə real görünmür ki, şirkət uzun illərdir ölkənin enerji sənayesində mühüm tərəfdaş kimi çıxış edir və “Şahdəniz” qaz yatağı ilə “Cənub Qaz Dəhlizi” layihəsində paya malikdir:

“"Lukoil" bu layihələrdən çıxmaq niyyətində deyil. Çünki hər iki layihə həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Bu baxımdan, şirkətin Azərbaycandakı fəaliyyətini dayandıracağına dair ehtimallar əsassızdır".