“Lukoil” üçün gerisayım başladı: 13 dekabra qədər…

“Lukoil” üçün gerisayım başladı: 13 dekabra qədər… İqtisadiyyat

“Lukoil” Açıq Səhmdar Cəmiyyəti “Şah-Dəniz” qaz-kondensat yatağı layihəsindəki 19,99 faiz payını 13 dekabra qədər satmağa çalışacaq.

News24.az xəbər verir ki, "Haqqin.az"a danışan məlumatlı mənbənin sözlərinə görə, şirkət öhdəliklərinin defolt vəziyyətinə düşməməsi üçün payını təcili şəkildə əldən çıxarmağa məcburdur.

Mənbənin bildirdiyinə görə, 13 dekabrdan sonra ABŞ sanksiyalarına görə “Lukoil”in bütün bank əməliyyatları bağlanacaq. Bu isə layihə çərçivəsində vacib olan “cash call” öhdəliklərinin yerinə yetirilməsini mümkünsüz edəcək. “Cash call” layihənin davam edən xərclərini qarşılamaq üçün aksionerlərdən vəsait tələbini nəzərdə tutur və bu vəsaitin mütləq ABŞ dollar ilə ödənilməsi şərtdir.

Əgər şirkət bu öhdəlikləri yerinə yetirə biləcəyinə zəmanət verə bilməsə, müqavilə şərtlərinə əsasən 2026-cı il 13 fevraladək defolt riski yaranacaq. Bu ssenarinin qarşısını almaq üçün “Lukoil” rəhbərliyi payını 13 dekabra qədər satmaq niyyətindədir.

"Haqqin.az"ın istinad etdiyi bir digər mənbəyə görə, “Lukoil”in payını almaqda əsas namizədlər hələlik layihədə iştirak etməyən Amerika şirkətləri ola bilər.