Maaş və pensiya alanlara ŞAD XƏBƏR - Payızda yeni mexanizm tətbiq olunacaq
İqtisadiyyat
Azərbaycanda maaş və pensiya kartları ilə bağlı yeni dəyişikliklərə hazırlıq görülür. Yaxın aylarda bu sahədə rəqabətin artırılması və vətəndaşlara daha geniş seçim imkanlarının yaradılması məqsədilə yeni mexanizmlərin tətbiqi planlaşdırılır.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, maaş və pensiya kartları bazarında yeni yanaşmaların sentyabr-oktyabr aylarından etibarən tətbiqinə başlanılması nəzərdə tutulur.
Bəs bu yeniliklər nədən ibarət olacaq?
Məsələ ilə bağlı News24.az-a danışan "Liberal İqtisadçılar Birliyi"nin sədri Akif Nəsirli bildirib ki, əsas məqsəd maaş və pensiya kartları bazarında rəqabəti artırmaq, eyni zamanda vətəndaşlara daha geniş seçim imkanı yaratmaqdır:
"Hazırda açıqlanan məlumatlardan görünür ki, Mərkəzi Bankın məqsədi maaş və pensiya kartları bazarında rəqabəti artırmaq və vətəndaşların seçim imkanlarını genişləndirməkdir. Bu o deməkdir ki, gələcəkdə vətəndaşın maaş və ya pensiyasını hansı bank vasitəsilə almaq imkanları daha çevik ola bilər, yəni vətəndaşa bankı özü seçmək imkanı veriləcək, banklar isə müştəri cəlb etmək üçün daha sərfəli şərtlər təklif etməyə çalışacaqlar".
İqtisadçı maaş və pensiyalardan komissiya tutulacağı ilə bağlı yayılan iddialara da münasibət bildirib. O vurğulayıb ki, bu istiqamətdə hazırda hər hansı rəsmi qərar mövcud deyil:
"Belə dəyişikliklər nəticəsində banklar kartların xidmət keyfiyyətini yaxşılaşdırmağa, mobil tətbiqləri təkmilləşdirməyə, əlavə güzəştlər və bonus proqramları təqdim etməyə maraq göstərə bilərlər. Rəqabətin artması adətən xidmət haqlarının yüksəlməsinə deyil, əksinə, daha əlverişli xidmətlərin formalaşmasına səbəb olur. Maaş və pensiyalardan komissiya tutulacağı ilə bağlı isə hazırda hər hansı rəsmi qərar açıqlanmayıb. Əksinə, əməkhaqqı və pensiyanın hesaba köçürülməsi və nağdlaşdırılması üzrə mövcud sosial yanaşmanın qorunacağı daha real görünür. Çünki belə ödənişlər sosial xarakter daşıyır və onlardan əlavə komissiyaların tutulması həm ictimai narazılıq yarada, həm də dövlətin sosial siyasəti ilə ziddiyyət təşkil edə bilər. Bu xərcləri adətən dövlət özü qarşılayır".
Akif Nəsirli bildirib ki, indiki mərhələdə maaş və pensiyalardan komissiya tutulacağı barədə fikir söyləmək üçün əsas yoxdur:
"Bu barədə müzakirələr artıq çoxdan var. Sentyabr-oktyabr aylarında Mərkəzi Bank yeni mexanizmlərin detallarını açıqladıqdan sonra onların vətəndaşlara və bank sektoruna konkret təsirlərini daha dəqiq qiymətləndirmək mümkün olacaq".