Mal ətinin qiyməti ilə bağlı yeni xəbər: Məbləğ...
İqtisadiyyat
Heyvanların yüksək çəkidə kəsimi təşviq ediləcək, dəri və yuna məhsul subsidiyası veriləcək.
Rəsmi məlumata görə, iribuynuzlu heyvanlara hər kiloqram diri çəkiyə görə 40 qəpik, buzovlara görə 250 manatadək subsidiya ödəniləcək. İntensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kq diri çəki üzrə 0,40 manat məhsul subsidiyası veriləcək.
Subsidiyanın tətbiqi üçün EKTİS-də bəyan, heyvanın ölkədə doğulması və ya ən azı 6 ay ölkə daxilində kökəldilməsi, identifikasiyası və sığortası, eləcə də qeydiyyatda olan kəsimxanada kəsilməsi tələb olunacaq. Dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilmiş iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0,30 manat/ədəd, yuna isə 0,30 manat/kq məhsul subsidiyası tətbiq ediləcək.
Bəs heyvandarlığa subsidiya ayrılması ətin satış qiymətinə necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, subsidiyaların verilməsi heyvandarlıq məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına səbəb olmayacaq.
"Bazarda qiymətlər - əsasən dünya bazarındakı qiymətlər, əhalinin alıcılıq qabiliyyəti və məhsulun bazardakı həcmi kimi amillərin təsiri ilə formalaşır. Bu proqram çərçivəsində müəyyən hədəflər nəzərdə tutulub. Məsələn, maldarlıq və heyvandarlıq sahəsində istehsalın müəyyən qədər artırılması planlaşdırılır. Lakin bu rəqəmlər çox böyük deyil. Subsidiyaların verilməsi nəticəsində heyvandarlıq məhsullarının istehsalında kəskin artım gözlənilmir".
İqtisadçı qeyd edib ki, bu proqram sadəcə bir halda bazara təsir edə bilər:
"Bu proqram qiymətlərə yalnız o halda ciddi təsir göstərə bilərdi ki, istehsal kəskin artsın və bazarda məhsul bolluğu yaransın. Lakin proqramda heyvandarlıqla bağlı nəzərdə tutulan hədəflərə baxdıqda, istehsalın qiymətlərə təsir edəcək səviyyədə kəskin artacağı görünmür. Ona görə də verilən subsidiyaların qiymətlərə ciddi təsir göstərəcəyini gözləmirəm. Bu subsidiyalar nəticəsində heyvandarlıq məhsullarının qiymətlərində əhəmiyyətli ucuzlaşma olmayacaq. Əksinə, qiymətlərin artmaqda davam etməsi mümkündür”.