Manatın məzənnəsi ilə bağlı mühüm proqnoz: 2026-cı ildə...

Manatın məzənnəsi ilə bağlı mühüm proqnoz: 2026-cı ildə... İqtisadiyyat

2026-cı il Azərbaycan üçün həm valyuta məzənnəsi, həm də neft gəlirləri baxımından vacib bir il olacaq. Dünya neft bazarında tələb və təklif balansının 2026-da yenidən formalaşması, qlobal təchizat artımı və artan ehtiyatlardan irəli gələn təzyiqlər neftin orta qiymət proqnozlarına təsir edir. Məsələn, bəzi beynəlxalq analitiklər Brent neftinin 2026-da təxminən 50-60 dollar səviyyəsində orta qiymətə malik olacağını gözləyir.

Maraqlıdır, bütün proqnozları nəzərə alsaq, gələn il üçün manatın məzənnəsində dəyişiklik ola bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi manat üçün müəyyən risklər yarada bilər:

"Neft gəlirlərinin azalması birbaşa olaraq ölkənin valyuta ehtiyatlarına təsir edir və bu da milli valyuta üzərində təzyiqi artıran əsas amillərdən biridir. Hazırda Azərbaycanın valyuta ehtiyatları kifayət qədər yüksək səviyyədədir və bu amil yaxın perspektivdə manatın məzənnəsinin qorunmasına imkan verir".

İqtisadçı Əkrəm Həsənov

Əkrəm Həsənovun fikrincə, mövcud ehtiyatlar hesabına gələn il manatın sabitliyinin təmin olunması ehtimalı böyükdür.

Bununla yanaşı, iqtisadçı vurğulayıb ki, neftin qiymətinin uzunmüddətli dövrdə aşağı səviyyədə qalması riskləri artıra bilər:

"Əgər bu proses növbəti illərdə də davam edərsə və valyuta ehtiyatlarında azalma baş verərsə, devalvasiya ehtimalı gündəmə gələ bilər. Son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində neftin qiyməti əvvəlki qədər həlledici rol oynamır. Buna baxmayaraq, neft gəlirləri hələ də büdcə və tədiyyə balansı üçün mühüm mənbə olaraq qalıb. Mövcud şəraitdə manatın tam, yəni 100 faiz sabit qalacağına dair qəti zəmanət vermək mümkün deyil".